AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FİNLANDİYA PREZİDENTİ MARTİ AHTİSAARİ İLƏ GÖRÜŞÜ
Səmimiyyətlə, mehribanlıqla salamlaşan prezidentlər Azərbaycan-Finlandiya əlaqələrinin inkişafından razılıqla bəhs etdilər. Avropada təhlükəsizliyin, sülhün və əmin-amanlığın təmin olunmasında Lissabon Zirvə görüşünün əhəmiyyətli rol oynayacağını bildirdilər.
Ermənistanın Azərbaycana hərbi təcavüzündən, torpaqlarımızın 20 faizinin işğal altında olmasından, doğma yurdlarından zorla qovulmuş 1 milyondan çox vətəndaşımızın neçə illərdən bəri çadırlarda ağır vəziyyətdə yaşamasından bəhs edən dövlətimizin başçısı münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan ətraflı bəhs etdi və Finlandiyanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi.
Bu hərbi münaqişənin tezliklə aradan qaldırılması üçün Azərbaycanın daim kompromisli mövqe tutduğunu nəzərə çarpdıran Prezident Heydər Əliyev dedi ki, biz problemin ATƏT-in əsas prinsiplərinə, beynəlxalq normalara, BMT nizamnaməsinə uyğun həll olunmasına tərəfdarıq. Ölkəmizin sülh təşəbbüslərindən söhbət açan dövlətimizin başçısı bildirdi ki, işğal olunmuş torpaqlarımız azad edildikdən, respublikamızın ərazi bütövlüyü bərpa olunduqdan, qaçqınlarımız öz yerlərinə qayıtdıqdan sonra biz Dağlıq Qarabağda yaşayan bütün əhalinin təhlükəsizliyinə təminat verməyə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazır olduğumuzu dəfələrlə bəyan vermişik və indi də bu mövqedəyik. Prezident Heydər Əliyev Azərbaycanın kompromisli təşəbbüslərinə Ermənistanın məhəl qoymadığını və öz təcavüzkar xəttini davam etdirdiyini, Böyük sülh sazişinin əldə edilməsinə qəsdən mane olduğunu da xatırlatdı.
Minsk konfransının həmsədri olan Finlandiyanın bu hərbi münaqişənin tezliklə başa çatmasına xüsusi diqqət yetirdiyini vurğulayan cənab Marti Ahtisaahari onun ölkəsinin Azərbaycanla əməkdaşlığın durmadan genişləndirilməsinə maraq göstərdiyini qeyd etdi. O bildirdi ki, biz Azərbaycanın sülh təşəbbüslərini yüksək qiymətləndiririk və zirvə görüşündə də respublikanızın mövqeyini dəstəkləyəcəyik.
Zirvə görüşünün Avropanın bir çox regionlarında münaqişə ocaqlarının ləğv edilməsində əsaslı rol oynayacaq mühüm sənədlər qəbul edəcəyinə əmin olduğunu bildirən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından bəhs edən xüsusi maddənin bəyannamə layihəsində öz əksindən razı qaldığını söylədi və Ermənistan tərəfini bu maddənin qəbuluna etiraz etməsindən narahatlıqla söhbət açdı. Dövlətimizin başçısı dedi ki, əgər Ermənistan 20-ci maddənin qəbul olunmasına etiraz etsə, onda Azərbaycan Zirvə görüşünün bəyannamə layihəsinə bütünlüklə veto qoymaq hüququndan istifadə edəcəkdir.
Söhbət zamanı hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan-Finlandiya əməkdaşlığının sıxlaşdırılması üçün yeni addımlar atılmasının vacibliyi qeyd olundu.