AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSA XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜ
Cənab Şaretti mehribanlıqla salamlayan dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişafından razılıqla söhbət açdı. Fransa xarici siyasət idarəsi başçısının respublikamıza səfərini məmnunluqla xatırladı. Fəaliyyətə başladığı gündən indiyədək Avropada təhlükəsizliyin, əməkdaşlığın, sülhün, əmin-amanlığın möhkəmlənməsinə çalışan ATƏT-in Lissabon Zirvə görüşünü beynəlxalq aləmdə böyük və əlamətdar hadisə kimi qiymətləndirən Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmış Azərbaycan xalqının bu toplantıya böyük ümidlər bəslədiyini nəzərə çarpdırdı.
Respublikamızın rəhbəri ilə yeni görüşündən məmnun qaldığını bildirən, Azərbaycana səfəri zamanı ona göstərilmiş qonaqpərvərliyə və diqqətə görə Prezident Heydər Əliyevə təşəkkür edən cənab Erve de Şarett Fransanın ölkəmizlə əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılmasının və bütövlükdə bu regionda daim sülh, sabitlik yaradılmasının çox vacib olduğunu vurğulayan nazir ümid etdiyini bildirdi ki, Lissabon Zirvə görüşündən sonra bu problemin həlli yolunda irəliyə doğru daha mühüm addımlar atılacaqdır.
Lissabon Zirvə görüşünün bu problemin həllində əsaslı rol oynamalı olduğunu vurğulayan Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzündən bir daha ətraflı söhbət açaraq dedi: Ölkəmizin ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, respublikamızın ərazi bütövlüyü pozulmuş, 1 milyondan artıq vətəndaşımız yerindən-yurdundan zorla qovulmuşdur. Biz bu münaqişənin ATƏT-in Minsk qrupu vasitəsi ilə sülh yolu ilə ATƏT-in prinsiplərinə, Beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinə uyğun şəkildə həllinə çalışırıq və dəfələrlə kompromisli təkliflər irəli sürmüşük. Lakin Ermənistan öz qəsbkarlıq niyyətindən əl çəkmir, Azərbaycan ərazisində yeni bir erməni dövləti yaratmağa can atır. Biz isə buna yol verməyəcəyik.
Lissabon Zirvə görüşünün bəyannamə layihəsində Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələlərindən bəhs edən 20-ci maddədən söhbət açan respublikamızın rəhbəri Ermənistan tərəfinin bu maddənin qəbuluna etiraz etməsini qətiyyətlə pislədi. Prezident Heydər Əliyev bildirdi ki, əgər Ermənistan öz etirazını geri götürməsə, Azərbaycan veto hüququndan istifadə edərək Zirvə görüşü bəyannaməsinin qəbul olunmasına razılıq verməyəcəkdir.
Görüşdə bu məsələ barədə çox ətraflı müzakirə aparıldı, yarana biləcək gərgin vəziyyətdən çıxış yolları araşdırıldı.