AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizə işgüzar səfərə gəlmiş Gürcüstan Prezidenti Eduard Şevardnadzeni sentyabrın 17-də Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşü oldu.
Ali qonağı hörmətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Bakıya səfərə gəldiyinə görə cənab Eduard Şevardnadzeyə təşəkkürünü bildirdi.
Səmimi sözlərə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq edən Gürcüstan Prezidenti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanmasını müdrik, uzaqgörən dövlət xadimi Heydər Əliyevin daha bir qələbəsi kimi dəyərləndirdi.
Görüş zamanı prezidentlər ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluqla söhbət açdılar. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının nəqli sahəsində Azərbaycanın və Gürcüstanın əməkdaşlığından, irimiqyaslı regional layihələrin gerçəkləşməsində ölkələrimizin yaxından iştirakından razılıqla bəhs edən dövlət başçıları əmin olduqlarını bildirdilər ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri bölgədə sülhün, əmin-amanlığın bərpa edilməsində də mühüm rol oynayacaqdır.
Regionda mövcud olan münaqişələrdən söhbət açan prezidentlər bunların tezliklə aradan qaldırılmasının vacibliyini, dinc yolla nizamasalma prosesində bütün səylərin səfərbər olunmasının zəruriliyini vurğuladılar.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr aparıldı.
Foto Oqtay Aydınoğlunun və
Yaşar Xəlilovundur.