Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
ŞAHBUZ RAYONUNDA SƏMİMİ GÖRÜŞLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Heydər Əliyev avqustun 11-də Şahbuz rayonuna yola düşmüşdür. Rayon icra hakimiyyəti binasının qarşısına toplaşmış yüzlərlə insan dövlətimizin başçısını böyük hərarətlə, sürəkli alqışlarla qarşıladı. Uşaqlar Prezident Heydər Əliyevə gül dəstələri təqdim etdilər. 

Şahbuz rayon ictimaiyyəti nümayəndələrinin Prezidentlə səmimi söhbətləri dövlətimizin başçısına əsl ümumxalq məhəbbətinin nümunəsinə çevrildi. Onlar Prezident Heydər Əliyevə xoş arzularını bildirdilər.

Azərbaycan Prezidenti rayon sakinləri qarşısında çıxış etdi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

-Əziz şahbuzlular!

Mən sizi səmimi qəlbdən salamlayıram. Sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm və bütün işlərinizdə uğurlar arzulayıram.

Şahbuz rayonu Naxçıvanın gözəl bir guşəsidir. Şahbuz rayonu və onun sakinləri Naxçıvanın həyatında həmişə çox böyük rol oynayıblar. Mən bunu həm keçmişdən, yəni 1970-1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman, həm də sizinlə bərabər 1990-1993-cü illərdə Naxçıvanda yaşadığım və Muxtar Respublikaya başçılıq etdiyim zaman bilirəm. Ona görə bunlar adi sözlər deyil, mənim şəxsi müşahidələrimdir, şəxsi fikirlərimdir.

Mən bilirəm ki, 1990-1993-cü illərdə mən burada olarkən və təbiidir, ondan sonra da şahbuzlular həmişə Naxçıvan hakimiyyətinin dayağı, arxası olublar. Mən burada işləyəndə həmişə çətin şəraitdə işləyirdik, blokadada idik. İndi də blokadadayıq, amma biz indi Naxçıvanın yaşaması üçün böyük imkanlar yaratmışıq. Amma o vaxt blokada şəraitində yaşayış çox çətin idi, çox ağır idi. Daxili vəziyyət də sabit deyildi. Mən ictimai-siyasi vəziyyəti deyirəm. Həm Azərbaycanda, həm də Naxçıvanda müxtəlif qüvvələr, - indi xatirimə gələndə məni ancaq gülmək tutur, - hakimiyyət uğrunda mübarizə aparırdılar, hakimiyyəti ələ almaq istəyirdilər.

Bizə - sizə, mənə, Naxçıvanın yaşamasına imkan verməmək üçün cəhd edirdilər. Ancaq bunlardan bir şey çıxmadı. Xatirinizdədir, 1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi üzvlərinin bir dəstəsi qəflətən gəlib Naxçıvanın Daxili İşlər Nazirliyini zəbt etdilər. Təxminən 300 nəfər Naxçıvanın televiziyasını zəbt etdi və mənə ultimatum verdilər ki, onlar hakimiyyəti ələ alacaqlar. Mən isə, təbiidir ki, onların bu ultimatumuna heç fikir vermədim. Ona görə ki, bilirdim, Naxçıvanın əhalisi, həmişə dayaq olduğu kimi, yenə də mənə dayaq olacaqdır. O vaxt televiziya bizim əlimizdən çıxmışdı, başqa vasitə yox idi. Xatirimdədir, bizim hakimiyyəti istəyən adamlar avtomobillərlə gedib Naxçıvanın müxtəlif bölgələrinə xəbərlər yaydılar ki, Naxçıvanın hakimiyyəti, Heydər Əliyev təhlükə altındadır. Təxminən bir-iki saatdan sonra Naxçıvan Ali Məclisinin qarşısında 20-25 min adam toplaşdı. O cümlədən Şahbuzdan.

İndi mən Naxçıvandan buraya avtomobillə gəldim, özü də yüksək sürətlə. Amma təsəvvür edirəm, o vaxt nəqliyyat yox idi, çətinliklər vardı, ancaq mən çox sevindim, eyni zamanda, təəccüb etdim. Bir də gördüm, mənim iş otağıma şahbuzlular - ağsaqqallar, çox hörmətli insanlar daxil oldular ki, Heydər Əliyev, narahat olmayın, biz buradayıq. İmkan vermərik ki, Sizə bir şey olsun. O vaxt mən bunu gördüm, o ağır dövrdə gördüm. Yəni sizi, şahbuzluları gördüm.

Mən o vaxt da demişdim, bu fürsətdən istifadə edib indi də təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, indi, Azərbaycanın müstəqilliyi dövründə,- Heydər Əliyev artıq 9 ildir Azərbaycanın Prezidentidir, hələ bundan sonra da xeyli vaxt Prezidenti olacaqdır,- heç bir şeydən qorxumuz yoxdur. İndi siz də, mən də, Azərbaycanın hakimiyyəti də çalışırıq ki, dövlətçiliyimizi möhkəmləndirək, müstəqilliyimizi möhkəmləndirək. İslahatlar həyata keçiririk, ölkəmizi inkişaf etdiririk, bu sahədə uğurlar əldə etmişik və bundan sonra da əldə edəcəyik.

Mənim xatirimdədir, biz Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaradırdıq. Onun Şahbuz şöbəsi yaranmışdı. Burada çox təşəbbüskarlar var idi. Məndən xahiş etdilər ki, təsis konfransına gəlim. Mən buraya gəldim. Həmin bu binada, onun salonunda Şahbuzda Yeni Azərbaycan Partiyasını yaradanlar toplaşmışdılar. Görürəm, Taməddin həkim başını tərpədir. Çünki o, bu işlərdə əsas təşəbbüskarlardan, irəlidə gedənlərdən biri idi. Bəli, qəhrəman adamdır. Mən onu tanıyıram. Yenə Arış kəndində yaşayırsan?! Arış kəndində yaşayır, özünün təsərrüfatı var. O vaxt hələ şəxsi təsərrüfat yox idi. Özü həkimdir, təsərrüfatı var. O vaxt ondan soruşdum ki, nəyin var? Dedi ki, neçə pətək arım var, nə bilim, neçə heyvanım var. Dedim, a kişi, sən bunları necə saxlayırsan? Gərək ki, üç oğlun var, görürsən, hamısı yadımdadır. Dedi ki, mənim üç oğlum var, onlarla birlikdə,-oğlanların oxuyub qurtarıblar, -təsərrüfatı saxlayırıq. O, çox çalışdı ki, təsərrüfatına gedim, mən də istədim, amma qismət olmadı. Yəqin ki, qismət olacaqdır.

Biz hələ o vaxtlar ilk dəfə Naxçıvanda torpaq islahatı aparmaq istəyirdik. Hələ Azərbaycanda hakimiyyət bununla məşğul olmurdu. Amma biz torpaq islahatı aparmaq istəyirdik. Mən də istəyirdim bir neçə kiçik dağ kəndlərində bu islahatları aparım. Nədən ötrü? Çünki kolxozlar, sovxozlar dağılırdı. Kolxoz sədrləri, nə bilim, briqadirlər, anbar müdirləri - indi sizin aranızda onlardan var - heyvanları kəsib yeyirdilər. Sonra da, 24-cü cədvəl var, orada hər ay yazırdılar ki, filan qədər öldü. Görürdün ki, aybaay kolxozların mal-qarası dağılır.

Mən fikirləşdim, yaxşı olar ki, bunları özümüz dağıdaq, kəndlilərə verək. Kəndlilər özləri saxlasınlar. Torpağı da onlara verək. Mən istədim bunu kiçik dağ kəndlərindən edim. Biçənək, Kolanı kəndlərinə getdim. Çünki bilirsiniz, orada təsərrüfatlar xırda idi. Gəldim, camaatı toplayıb dedim ki, istəyirəm, bu kolxozu dağıdam, torpaqları da, mal-qaranı da sizə verəm. Bir neçəsi çıxış etdi ki, yox, biz istəmirik. Ay balam, niyə istəmirsən, bunu sənə vermək istəyirəm. Deyir ki, mən burda qarovulçuyam, maaş alıram, bununla dolanıram. Kolxoz dağılanda mən necə dolanacağam? Deyirəm, ay kişi, sənə mal-qara verəcəyik, torpaq verəcəyik, get torpağında işlə. Yəni o vaxtkı sistem insanları bax belə, hökumətin himayəsində yaşamağa öyrətmişdi. Onlar işləmirdilər. Bəli, bir qarovul məvacibi onu təmin edirdi. Ancaq indi Naxçıvanın hər yerində torpaq islahatı gedib, torpaq kəndlilərdədir, mal-qara kəndlilərdədir. Kənd təsərrüfatının nə qədər inkişaf etdiyini siz yaxşı bilirsiniz.

Mənim yadımdadır, biz burada yaşayırdıq, ət tapmaq mümkün deyildi. Hələ mən burada işləməyəndə, 1990-cı ildə, təzə gəlmişdim, bacımın evində yaşayırdım. Sentyabr-oktyabr ayları idi. Bir də görürdün, deyirdilər ki, yemək bişirmək üçün ət tapa bilmirik. Sonra bir nəfər qonşu gəlib xəbər verirdi ki, Cəhridə heyvan kəsiblər. Qonşular tez yığışırdı ki, gedib Cəhridən ət alsınlar. Bəziləri gedib çatırdı, bəziləri də gedəndə ət qurtarırdı. Amma indi Naxçıvanda əti alan yoxdur. Elədir, yoxsa yox?

YERDƏN SƏSLƏR: Bəli, elədir.

HEYDƏR ƏLİYEV: Mal-qaranız çox, heyvanınız çox, ətiniz də, yağınız da, südünüz də var, taxıl da əkirsiniz. Elədirmi?

YERDƏN SƏSLƏR: Elədir.

HEYDƏR ƏLİYEV: İslahatların nəticəsi bax, budur, müstəqillik budur, sərbəst iqtisadiyyat budur. Biz bu yol ilə gedirik və gedəcəyik. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının həm rəhbərliyi, həm də bütün əhalisi bu islahatların aparılmasında çox cəsarətlə hərəkət edirlər və yaxşı nəticələr əldə ediblər. O cümlədən Şahbuz rayonu.

Mən buradan Kolanı, Biçənək kəndlərinə gedirəm. Kolanıda həmin qarovulçunu axtarıb tapacağam. Görüm, o, indi necə yaşayır. O vaxt deyirdi ki, mən kolxozda qarovulçuyam, maaş alıram. Əgər ondan sonra vaxt çatsa, istəyirəm, Batabata gedim, baxım. Necə məsləhət görürsünüz?

YERDƏN SƏSLƏR: Cənab Prezident, getsəniz yaxşı olar.

HEYDƏR ƏLİYEV: Deyirlər ki, indi Batabat da abadlaşıbdır.

YERDƏN SƏSLƏR: Vasif müəllim oranı da düzəldibdir.

HEYDƏR ƏLİYEV: Yaxşı, sağ olun. Çox şadam ki, sizinlə görüşdüm. Arxayın olun, Azərbaycan dövləti etibarlı əllərdədir, müstəqilliyimiz inkişaf edir, işğal olunmuş torpaqlarımızı azad edəcəyik və Azərbaycanın bütövlüyünü bərpa edəcəyik. Arxayın ola bilərsiniz. Sağ olun.

X X X

Şahbuzlular Prezident Heydər Əliyevin çıxışını böyük maraq və diqqətlə dinlədilər, dəfələrlə gurultulu alqışlarla qarşıladılar. Balaca uşaq Heydər babaya həsr olunmuş şer söylədi.

Sən xalqın ümidi,

Xoş günü, gələcəyisən.

Onun möhkəm dayağı,

Ömrümüzün fərəhi,

Ən gözəl diləyisən.

Yaşa Heydər babamız!

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev Şahbuz rayonunun Kolanı kəndinə gəldi. Dövlətimizin başçısını burada da böyük mehribanlıqla, hörmət və ehtiramla qarşıladılar.

Kənd ağsaqqalı, əməkdar müəllim HİDAYƏT İSMAYILOV respublikamızın rəhbərinə müraciətlə dedi:

-Cənab Prezident, xoş gəlmisiniz! Azərbaycan xalqının böyük oğlu, əzizi, Kolanı camaatının ikiqat əzizi, xoş gəlmisiniz! Siz 35 ildir Azərbaycana rəhbərlik edirsiniz. Bu yaxınlarda Azərbaycan xalqı, sadə zəhmətkeşlərin hamısı bunu xüsusi bayram kimi qeyd etdi. Bizim buna haqqımız var, çünki Siz Azərbaycan xalqını çox çətin bəlalardan qurtarmısınız. Allah Sizə uzun ömür versin. Arzu edirəm ki, neçə belə illər yaşayasınız və bizi bu qara günlərdən qurtarasınız. Qara gün deyəndə, müharibəni nəzərdə tuturam. Gəlişinizin məqsədini televiziyadan bilirik. Bu günlərdə Koçaryan ilə görüşünüz olacaqdır. Bu görüşdə də Sizə uğurlar arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik. Doğrudan da bu, sadə vətəndaşların qəlbindən gələn sözdür.

Son illər Sizin rəhbərliyiniz altında Muxtar Respublikanın başçıları bizim kənddə elə işlər görüblər ki, bunlar ağlasığmazdır. Keçən illərdə Sizin tapşırığınız ilə çayın üzərindən iki körpü salınıbdır. Biz Sizi, Sizin işlərinizi ürəkdən bəyənirik. Konstitusiyada olacaq dəyişklikləri biz maddə-maddə müzakirə etmişik və bəyənmişik. Mən bu fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını referenduma çağırıram. Elə bilirəm ki, Azərbaycanın bir neçə başqa kəndi kimi, Kolanı kəndi də Sizin qəlbinizdə yaşayır. Çox sağ olun.

 

Prezident HEYDƏR ƏLİYEV səmimi sözlərə görə onlara minnətdarlığını bildirdi, kənd camaatına müraciətlə dedi:

-Mən Şahbuzun rayon mərkəzində çıxışımda yadıma saldım ki, Naxçıvanda Ali Məclisin sədri olarkən Kolanı, bir də Biçənək kəndlərinə gəlmişdim. Çünki biz o vaxt istəyirdik ki, kənd təsərrüfatı islahatlarını öz təşəbbüsümüzlə keçirək, onda hələ qanun yox idi. Amma mən niyə Kolanı ilə Biçənək kəndlərini seçdim. Çünki bunlar kiçik dağ kəndləridir. O vaxt kolxozlar dağılırdı.

Mənim yadımdadır, burada neçə adamla danışdım. Kolxoz sədri idi, başqaları idi, mənə dedilər ki, kolxozu dağıtmaq olmaz. Xatirimdədir, birindən soruşdum, axı niyə olmaz? Dedi, mən kolxozda qarovulçu işləyirəm, oradan maaş alıram, kolxoz dağılanda maaşsız necə yaşayacağam? Mən ona dedim ki, kolxozu biz dağıtmırıq. Biz kəndliyə mal-qaranı, torpağı, hər şeyi verəcəyik. Kəndli özü əkəcək, biçəcək, mal-qara da saxlayacaq. İndi islahatlar aparılıb, o cümlədən Naxçıvan Muxtar Respublikasında çox uğurlu keçibdir. Sən mənə de görüm, burada nə təhər keçibdir?

HİDAYƏT İSMAYILOV: Cənab Prezident, burada da uğurla keçibdir. Yəqin ki, Siz buranın vəziyyətini hamıdan yaxşı bilirsiniz. Dağ kəndidir.

HEYDƏR ƏLİYEV: Torpaq azdır.

HİDAYƏT İSMAYILOV: Bəli, torpaq azdır. Bizimki maldarlıq, heyvandarlıqdır.

HEYDƏR ƏLİYEV: Mal-qara artıb, yoxsa yox?

HİDAYƏT İSMAYILOV: Artıbdır. Güzaranımız yaxşılaşıb və günü-gündən yaxşılaşır. Mən özüm riyaziyyatçıyam. Bir söz demək istəyirəm. Məsələn, təbiət elmləri sahəsində ixtiralar edən alimlər adi adamlardan, haradasa, 50-100 il qabağı görə bilirlər. Yəni onun bugünkü ixtirasını biz sadə adamlar yüz ildən sonra başa düşə bilirik. Mən Sizi riyaziyyatçıya bənzədirəm. Yəni bir neçə il bundan əvvəl “Əsrin müqaviləsi” adlanan o böyük müqavilə imzalananda biz heç nə qavramırdıq. Amma indi onun reallığı, ondan gələn gəlir göz qabağındadır, çadır şəhərciklərində ağır şəraitdə yaşayan bacı-qardaşlarımıza qəsəbələr salınır. Bütün bunlar Sizin böyüklüyünüzdür, iqtisadiyyatda əldə etdiyiniz irəliləyişdir.

HEYDƏR ƏLİYEV: Çox gözəl ki, bunları burada bilirsiniz və qiymətləndirirsiniz.

HİDAYƏT İSMAYILOV: Cənab Prezident, bunları bilməmək olarmı? HEYDƏR ƏLİYEV: Yaxşı, indi riyaziyyatçı ilə danışdıq. Deyin görüm,

sizin mənə nə sözünüz var.

VAQİF ZÜLFÜQAROV \müəllim\: Cənab Prezident, çox səmimiyyətlə deyirəm ki, uşaqdan böyüyə kimi hamı Sizi sevir. Sizin şəxsiyyətinizə hörmət edən, Sizin şəxsiyyətinizlə fəxr edən bu kəndə xoş gəlmisiniz!

 

Mənim dediklərim həm şəxsidir, həm də təşəkkürdür və elə bilirəm, hamı bununla razılaşacaqdır. Təxminən bir il bundan əvvəl, 2001-ci il sentyabrın 3-də Siz Azərbaycanın ali məktəblərinə yüksək balla qəbul olunmuş 25 nəfər tələbəyə təqaüd təyin etmisiniz. Naxçıvan Muxtar Respublikasından da bu kəndin yetirməsi həmin tələbələrin içərisindədir. Düzünü deyim ki, o vaxt elə sevinmişik, bunu bir Allah bilir. Bütün valideynlər, müəllimlər, tələbə yoldaşları nə qədər dualar edib, ona bir Allah şahiddir. Adətən, uca dağ kəndində yaşayan adamlar həm məsafəcə, həm də mənəviyyatca Ulu Tanrıya daha yaxın olurlar. Ona görə də inşallah, Ulu Tanrı bizim dualarımızı daha tez qəbul edəcək.

Hörmətli Prezident, bir az həyacanlıyam. Çünki artıq mənim arzum həyata keçib və öz təşəkkürümü şəxsən Sizə deməyi böyük xöşbəxtlik bilirəm. Bu barədə Vasif müəllimə də demişəm. Sizə deyim ki, bu gün Sizin qarşınızda durub danışmaq şərəfini az-çox oğlum təmin edibdir. Mən valideyn, müəllim kimi Sizə söz verirəm ki, yaxın gələcəkdə bu gənc millətlər, xalqlar, dövlətlər içində öz sözünü deyəcəkdir. Çünki bir müəllim kimi ona başa salmışam.

Siz keçən il Strasburqa gedəndə Paris hava limanında azərbaycanlı tələbələrlə görüşdünüz. Orada bir ifadə işlətdiniz, ola bilər, bir az dəqiqliyi ilə demirəm. Dediniz ki, Azərbaycan xalqının öz sənətini gözəl bilən, xarici dillərdə danışan, dünya siyasətindən baş çıxardan, bütün ixtisaslardan olan mütəxəssislərə böyük ehtiyacı daha çoxdur.

HEYDƏR ƏLİYEV: Doğrudur.

VAQİF ZÜLFÜQAROV: Mən elə bilirəm ki, dərs dediyimiz şagirdlər, tərbiyə etdiyimiz övladlar Sizin bu sözünüzdən kompas kimi istifadə edəcəklər. Sizə məlumat üçün deyim ki, ona təyin etdiyiniz təqaüdü bir ildir alır və axıra qədər də alacaqdır. Çünki onun başqa yolu yoxdur. Siz ona o cür etibar etmisiniz, xeyir-dua vermisiniz. Hörmətli Prezident, inanın ki biz onun maddi tərəfini götürmürük, onun gələcək həyatına Sizin verdiyiniz xeyir-dua kimi başa düşürük. Onu heç bir şeylə əvəz etmək olmaz. İnşallah, Sizin etimadınızı doğruldacaqdır. Diqqətinizə görə çox sağ olun.

HEYDƏR ƏLİYEV: Çox sağ ol. Mən sənin bu sözlərindən çox məmnunam. Ona görə yox ki, mənə təşəkkür edirsən. Məsələn, Kolanı kəndi nəinki Naxçıvanın, Azərbaycanın ucqar kəndlərindən biri, kiçik kənddir. Bilirəm ki, burada insanların yaşayışı üçün başqa kəndlərə nisbətən torpaq çatmır. Bax belə kənddə belə bir gənc böyüyübdür, gəlib imtahanını veribdir, fərqlənibdir və mənim xüsusi təqaüdümü almağa nail olubdur. Bu, ən böyük hadisədir. Yəni bunun mənası nədir? Bunun mənası xalqımızın nə qədər zəkalı, nə qədər ağıllı olmasıdır. Fərqi yoxdur, harada - Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, yaxud da Kolanıda yaşayır. Məni sevindirən budur. Çox sevinirəm, bəlkə də o vaxtlar heç mənim yadımda qalmayıb ki, o, Kolanı kəndindəndir, sənin oğlundur. Amma indi sən bunları mənə danışanda hamısını xatırlayıram və bunun nə qədər qiymətli olduğunu bir daha dərk edirəm, düşünürəm.

Ümumiyyətlə, kəndlərdə insanlar çox yüksək mənəviyyatla böyüyürlər. Bu, belədir. Təəssüflər olsun ki, indi şəhərlərdə şərait başqa cürdür. Amma kəndlərdə böyüyən gənclər- həm oğlanlar, həm də qızlar, adətən, ali məktəblərə gedəndə çox yüksək bilik göstərirlər və mənəviyyatca da çox yüksək olurlar. Bu, hər halda reallıqdır. Mən də bunu deyirəm. İstərdim ki, Azərbaycanın hər yerində belə olsun. Ancaq indi hər yerdə belə deyil, fərqlidir. Bu fərqlənənlərdən biri də kənd yerləridir.

Yaxşı, kolanılıların nə dərdi var?

FAMİLƏ MƏMMƏDOVA \şəhid anası\: Cənab Prezident, Kolanıda xəstəxana var, mən orada işləyirəm, insanların qayğısına qalır, onların sağlamlığını qoruyuram. 1993-cü il dekabrın 10-da mənim oğlum Beyləqanda şəhid olubdur. Özü könüllü getmişdi. Vasif müəllimin köməyi sayəsində işlədiyim xəstəxanaya onun adı verilibdir. Vəziyyətimiz yaxşıdır. Əsas odur ki, müharibəni dayandırmısınız, atəşkəs əldə etmisiniz. Mənim böyük oğlum şəhid olubdur. Ondan başqa iki oğlum da var. Sizin yolunuzda, Vətən yolunda qurban verməyə hazıram. Bu şərtlə ki, qara bulud üstümüzdən götürülsün, analar səksəkəli yatmasınlar. Qarabağ problemi həll olunsun. Bütün qadınlar adından Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah, Sizi Azərbaycan xalqının üstündən əskik eləməsin.

HEYDƏR ƏLİYEV: Çox sağ ol, bacı. Çox sağ ol. Allah, sənin oğluna rəhmət eləsin. Oğlanlarını da yetişdir. Amma mən çalışacağam ki, müharibə olmasın, sülh olsun. Bizim gənclərimiz yaşasınlar, böyüsünlər. Onlar Azərbaycanın gələcəyi üçün lazımdır. Mən onları qırğına vermək istəmirəm, müharibə etmək istəmirəm. Məsələni sülh yolu ilə mütləq həll edəcəyik. Narahat olmayın.

Sən xəstəxananın müdirisən?

FAMİLƏ MƏMMƏDOVA: Müdiri yox, qadın-uşaq şöbəsində işləyirəm.

HEYDƏR ƏLİYEV: Doğum şöbəsi də oradadır?

FAMİLƏ MƏMMƏDOVA: Bəli, oradadır. Bu xəstəxana altı kəndi əhatə edir.

HEYDƏR ƏLİYEV: Bizim nəslimiz, millət artmalıdır.

FAMİLƏ MƏMMƏDOVA: Şükür Allaha, doğulan uşaqların 90 faizi oğlandır.

HEYDƏR ƏLİYEV: Oğlan da yaxşıdır. Qız da yaxşıdır. Fərqi yoxdur. Amma millət artmalıdır.

Yaxşı, sağ olun. Bizim müəllim burada dedi ki, Siz referenduma çıxarılan bütün düzəlişlərin hamısını öyrənmisiniz və ayın 24-də seçki məntəqələrinə gedəcəksiniz və referendumun keçirilməsi üçün öz münasibətinizi bildirəcəksiniz. Prezidentin təqdim etdiyi layihəyə səs verəcəksiniz. Elədirmi?

KƏND SAKİNLƏRİ: Bəli, doğrudur.

HEYDƏR ƏLİYEV: Sağ olun.

Təqaüdçü DAĞBƏYİ ZAMANOV Prezident Heydər Əliyevə yaxınlaşaraq dedi:

-Cənab Prezident, mən bütün aqsaqqalar adından deyirəm ki, xalqımızın böyük milli lideri, xilaskarı möhtərəm Heydər Əliyevin gördüyü nəhəng işləri həmişə qiymətləndiririk. Siz Naxçıvana, Kolanı kəndinə daim qayğı göstərirsiniz. Sizin bütün tapşırıqlarınızı Naxçıvanın rəhbərliyi tam yerinə yetirir. Biz onlardan razıyıq.

Biz, Sizin unutmadığınız Kolanı camaatı avqustun 24-də keçiriləcək ümumxalq səsverməsinə çıxarılacaq maddələri oxumuşuq, bilirik və yekdilliklə dəstəkləyəcəyik. Biz Sizin televiziyadakı çıxışlarınızı izləyirik. Bunlar bizim üçün böyük məktəbdir. Sizə uzun ömür, cansağlığı arzulayıram.

HEYDƏR ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

X X X

Şahbuz rayonunun ucqar dağ kəndi olan Biçənəkdə dövlətimizin başçısını böyük mehribanlıqla qarşıladılar. Təqaüdçü Bəbir Məmmədov Prezident Heydər Əliyevi səmimiyyətlə salamladı, ona həsr etdiyi şerini söylədi.

Mən bir dua edim, söyləyin amin,

Heydərə kömək ol, Rəbbülaləmin!

Məhəmməd Peyğəmbər Heydərə zamin,

Heydərə kömək ol, Rəbbülaləmin!

Yetmiş doqquz il öncə yaratdın onu,

Əyninə geydirdin siyasət donu,

Dünyada Heydər tək rəhbər hanı,

Heydərə kömək ol, Rəbbülaləmin!

Vətənin laləsi, çiçəyi, gülü,

Düşünən beyni, danışan dili,

Quran, yaradandır, zərgərdir əli,

Heydərə kömək ol, Rəbbülaləmin!

Heydər baba, ildönümün mübarək,

Ey Xudaya, Xudavəndi təbarək,

O gün olsun, yüz illiyin keçirək,

Heydərə kömək ol, Rəbbülaləmin!

Bəbir də dərk edir az-çox həyatı,

Xudam xəlq etdiyi bu kainatı,

Həm yeri, həm göyü, həm yeddi qatı,

Heydərə kömək ol, Rəbbülaləmin!

Kənd sakini ALİDƏ HACIYEVA dövlətimizin başçısına müraciətlə dedi:

- Hörmətli Prezidentimiz, Biçənək kəndinin qadınları, anaları adından Sizi ürəkdən salamlayır, xoş gəldiniz deyirəm. Siz bizim gözəl, füsunkar Batabatın ətəyində yerləşən bu balaca kəndə xoş gəlibsiniz. Hamımız bilirik ki, sərhədlərdə atəşin kəsilməsi, qanların tökülməməsi, anaların, bacıların qəlbinə qan yaxılmaması, balaların şad, xürrəm gəzməsi anaların ən böyük sevinci, fərəhidir. Səmamızn aydınlığı hörmətli Prezidentimizin uğurlu siyasəti, gözəl işləri nəticəsində olmuşdur. Sağ olun, Sizə bütün analar adından bir daha təşəkkür edirəm. Allah canınızı sağ eləsin, Sizə uzun ömür arzulayıram. Bizi həmişə qəlbinizdə saxlayın, bizi sevindirin. Siz gələndə ruhumuz təzələnir.

HEYDƏR ƏLİYEV: Həmişə qəlbimdə olacaqsınız.

Sonra Prezident Biçənək kəndinin sakinləri qarşısında çıxış etdi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

-Əziz biçənəklilər, bacılar, qardaşlar, uşaqlar, gənclər!

Mən sizin hamınızı salamlayıram. Bu gün, həqiqətən, təbiətin füsunkar guşəsi olan Biçənək kəndində olmağımdan, bütün bu dağı-daşı, yenilməz qayaları görməyimdən həddindən artıq sevinirəm. Siz qəhrəman insanlarsınız ki, burada, bu dağların başında yaşayırsınız. Sizin ətrafınız qayalardır, daşlardır.

Bilirəm, burada təbii fəlakətlər olur. İndi biz avtomobillə gələndə Vasif Talıbov mənə danışırdı ki, sel gələndə oraları necə dağıtmışdı, nə qədər böyük daşlar gətirmişdi, körpünü dağıtmışdı. Təbii fəlakətdir. Belə şeylər siz yaşadığınız yerlərdə daha çox olur, nəinki şəhərlərdə, yaxud aran yerlərində olan kəndlərdə. Amma sizin xüsusiyyətiniz odur ki, dağ adamısınız. Dağ adamı həmişə öz sağlamlığı ilə fərqlənir. Həm fiziki sağlamlığı, həm də zehni sağlamlığı ilə, yüksək mənəviyyatı ilə fərqlənir. Dağ adamı zəhmətkeşliyi ilə fərqlənir. Bilirəm, bu dağların arasında, qayaların arasında yaşamaq və yaşamaq üçün şərait yaratmaq asan məsələ deyildir. Amma siz fədakar insanlarsınız, eyni zamanda, qəhrəman insanlarsınız ki, burada yaşayırsınız.

Buranın xüsusiyyəti odur ki, gözəl iqlimi var, gözəl havası, yamacları, çəmənləri, qayaları var. Bəzi qayalara baxanda elə bil dünyanı görürsən. Amma çətinlik də odur ki, burada yaşayış şəraiti başqa yerlərə nisbətən çətindir. Yəni o tərəfi də var, bu tərəfi də var. Ancaq sizin taleyiniz bura ilə bağlıdır. Ata-babalarınız burada yaşayıblar, özünüz də burada yaşayırsınız. Amma görün burada, dağın başında, bu qayaların içində nə qədər gözəl uşaqlarınız var. Baxıram, hər biri gedib gözəllik müsabiqəsindən keçsə, ən yüksək qiymət alacaqdır. Həm qızlar, həm də oğlanlar nə qədər gözəldirlər. Çünki təbiətlə yaşayırlar. Təbiətlə yaşayan insanlar, yenə də deyirəm, həm güclü olur, həm ağıllı olur, həm də gözəl-göyçək olur. Bax, sizi görürəm, sevinirəm. Amma yuxarı baxıram, uşaqları görürəm. Allah, nə qədər sevinirəm. Bunlar bizim gələcəyimizdir, Azərbaycanın gələcəyidir. Nə gözəl gələcəyimiz var! Bunlar böyüyəcəklər, oxuyacaqlar, təhsil alacaqlar və müstəqiL Azərbaycani irəliyə aparacaqlar.

Siz sərhədə yaxın yaşayırsınız. Arxayın ola bilərsiniz ki, sizin təhlükəsizliyiniz təmin olunubdur. Xatirimdədir, mən burada işləyəndə ermənilər iki nəfər adam öldürmüşdülər. Mən onda buraya, ölənlərin yasına gəlmişdim. O ailə ilə görüşdüm. Belə şeylər olmuşdu. Amma indi belə şeylər ola bilməz. Biz sərhədlərimizi etibarlı qoruyuruq. Bizim güclü ordumuz var, bundan arxayın ola bilərsiniz.

Arxayın ola bilərsiniz ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır, yaşayacaq və inkişaf edəcəkdir. Bizim böyük işlərimiz, böyük proqramlarımız var. Onları həyata keçiririk və keçirəcəyik. Mən doqquz ildir bu işlərlə məşğulam və bu gün də çalışıram, sabah da çalışacağam, hələ bundan sonra bir çox illər də çalışacağam. Buna əmin ola bilərsiniz.

Avqustun 24-də referendum olacaqdır. Bilirsiniz, məlumatınız var. Referenduma çıxarılan məsələləri sizə izah ediblər, düzəlişlərlə tanış olmusunuz, bilirsiniz. Bunlarla razısınız? Referendum günü seçki məntəqələrinə gələcəksiniz? Mən sizi dəvət edirəm.

YERDƏN SƏSLƏR: Cənab Prezident, hamısını yaxşı bilirik və tamamilə razıyıq.

HEYDƏR ƏLİYEV: Güman edirəm ki, mənim təqdim etdiyim düzəlişlərə səs verəcəksiniz.

YERDƏN SƏSLƏR: Hamımız yekdilliklə səs verəcəyik.

HEYDƏR ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

\Dövlətimizin başçısının qısa çıxışı böyük maraqla dinlənildi və alqışlarla qarşılandı\.

X X X

Kənd sakini ŞİRALI BAYRAMOV onlarla görüşə gəldiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirərək dedi:

-Cənab Prezident, nə qədər ki, Sizin kölgəniz bizim başımızın üstündədir, özümüzü xoşbəxt hesab edirik. Dediyiniz kimi, bura dağlıq yerdir. Görün, Siz nə qədər alicənabsınız ki, belə bir yerə 60-70 kilometrlik yol çəkdirmisiniz. Sizin sayənizdə yerli rəhbərlik bu yolu çəkibdir. Biz xoşbəxt olmuşuq, bir saat ərzində Naxçıvana gedib-gəlirik. Batabat yolları da həmçinin. Bunların hamısı Sizin sayənizdə olmuşdur.

Hörmətli Prezident, Sizə təşəkkür edirik ki, Vasif Talıbov kimi kadr qoyub getmisiniz. Sizin davamçınız var. Allah Sizə dəyməsin.

ZAKİR SALMANOV (kənd sakini): Cənab Prezident, referendumla bağlı məntəqələr yaradılıbdır. Bütün planlar hazırlanıb, işlər qaydasında gedir. İnşallah, avqustun 24-də bütün kənd camaatı yüksək əhval-ruhiyyə ilə referendumda iştirak edəcək, Konstitusiyamızda lazım olan dəyişikliklərin aparılmasının lehinə səs verəcəkdir. Camaatımız Sizin siyasətinizi həmişə dəstəkləyir. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün apardığınız siyasətin bəhrəsini görəcəyik. Əgər lazım olarsa, Ali Baş Komandanın əmri ilə biz özümüz də Vətən yolunda canımızı, qanımızı verməyə hazırıq. Sağ olun. Sizə uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

X X X

Daha sonra dövlətimizin başçısı məşhur Batabat yaylağında oldu, qədim diyarın uca dağları qoynunda Azərbaycan təbiətinin nadir guşələrindən birinin füsunkar gözəlliyini heyranlıqla seyr etdi, dillər əzbəri olan Zor bulağının suyundan içdi.

X X X

X X X

Avqustun 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə Naxcıvan Ali Məclisinin iclas salonunda Azərbaycan MEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə MR-in rəhbər işçiləri, Ali Məclisin deputatları, tanınmış alimlər, ictimaiyyətin nümayəndələri, Azərbaycan MEA-nın nümayəndə heyəti iştirak edirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev müşavirəni giriş sözü ilə açaraq, MEA-nın Naxçıvan bölməsinin yaradılması barədə bu il avqustun 7-də imzaladığı Sərəncamın əsas məqsədini və bu sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələrin başlıca istiqamətlərini şərh etdi.

Sonra MEA-nın Prezidenti Mahmud Kərimovun məruzəsi dinlənildi. Akademik Mahmud Kərimov MEA-nın Naxçıvan bölməsinin yaradılması ilə əlaqədar hazırlanmış təkliflər barədə ətraflı məlumat verdi.

Prezidentin fəxri təqaüdçüsü, əməkdar müəllim, filologiya elmləri namizədi Lətif Hüseynzadə, Naxçıvan Dövlət Universitetinin rektoru, MEA-nın müxbir üzvü İsa Həbibbəyli, coğrafiya elmləri doktoru, professor, Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədri Səfərəli Babayev, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor İsmayıl Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Vəli Əliyev, MEA-nın müxbir üzvü Məşədixanım Nemətova müşavirədə çıxış edərək, Azərbaycan elminin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun nitqi söylədi, Muxtar Respublikanın maddi-mədəniyyət abidələrinin əsaslı surətdə, elmi cəhətdən araşdırılması, dərindən öyrənilməsi və geniş təbliğ olunması barədə çox dəyərli tövsiyələr verdi.

X x x

Naxçıvan MR-də bütün sahələrdə, xüsusən iqtisadi sahədə islahatların uğurla həyata keçirilməsi üçün son illər çox böyük işlər görülür. Muxtar Respublikada böyük bir ərazidə suvarmanın təmin olunmasında mühüm rol oynayacaq Vayxır su anbarında əsaslı yenidənqurma və bərpa işləri davam etdirilir. Avqustun 12-də Azərbaycan Prezidenti Heydər Əliyev həmin işlərin gedişi ilə yaxından tanış olmaq üçün buraya gəldi.

Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Əhmədzadə Vayxır su anbarında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, su anbarı xarici sərmayə hesabına tikiləcəkdir. Bəndin hündürlüyü 70 metrə çatdırıldıqdan sonra anbara yığılan su Üçtəpə, Nehrəm, Sirab dəryaçalarının doldurulmasında mühüm rol oynayacaqdır.

Sonra Vayxır su anbarında aparılacaq inşaat işləri, bu sututarın perspektivləri və imkanlarından maksimum səmərə ilə istifadə olunması məsələləri xəritələr üzərində ətraflı təhlil olundu, mütəxəssislərin rəyləri dinlənildi, beton kanalın çəkilməsinə ehtiyac olduğu bildirildi.

Azərbaycan Prezidenti Heydər Əliyev su anbarının tikintisində işlərin daha da sürətləndirilməsi üçün dəyərli tövsiyələrini söylədi.

İşgüzar müzakirələrdən sonra dövlətimizin başçısı Vayxır su anbarının tikinti meydançasında jurnalistlərə müsahibə verdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

Aslan Aslanov,

Rafiq İmanov,

Oqtay Aydınoğlu \foto\

AZƏRTAC-ın xüsusi müxbirləri

Rafiq Bağırov \foto\

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib