AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV İLƏ GÖRÜŞÜ
Səmimilik və dostluq şəraitində keçən görüşdə prezidentlər türkdilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşünün müstəqil ölkələrimizin qarşılaşdıqları problemlərin həll edilməsi, çətinliklərin aradan qaldırılması, regionda sülhün və əmin-amanlığın bərqərar olması, xalqlarımızın dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi sahəsində xüsusi əhəmiyyət daşıdığını nəzərə çarpdırdılar.
Nursultan Nazarbayev özünün Bakıya rəsmi səfərini məmnunluqla xatırladığını bildirdi və bugünkü forumda Prezident Heydər Əliyevin nitqini yüksək qiymətləndirdi. Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Transqafqaz dəhlizindən birgə istifadə etmək barədə Prezident Heydər Əliyevin fikirlərindən razılıqla bəhs edən Nursultan Nazarbayev imzalanmış dördtərəfli Sərəxs sazişinə Qazaxıstanın da qoşulacağını vurğuladı.
Xoş sözlərə görə dost ölkənin rəhbərinə təşəkkür edən dövlətimizin başçısı Heydər Əliyev də bugünkü Zirvə görüşündə Nursultan Nazarbayevin nitqindən məmnunluqla söhbət açdı, müstəqil dövlətlərimizin əlaqələrinin gələcək inkişafı üçün vacib olan bir çox məsələlərdə respublikalarımızın eyni mövqedən çıxış etməsini müsbət qiymətləndirdi.
Türkdilli xalqların görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması barədə müddəanın Daşkənd bəyannaməsində dolğun əks etdirilməsindən razılıqla bəhs edən Prezident Heydər Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə bu il noyabrın əvvəlində Bakıda keçiriləcək yubiley şənliklərindən söhbət açdı və dost ölkənin rəhbərini bu tədbirdə iştirak etməyə dəvət etdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi, xalqlarımızın tarixi qardaşlıq münasibətlərinin daha da sıxlaşdırılması üçün lazımi tədbirlər görülməsi, regionda sülhün, sabitliyin bərpası məsələləri barədə də fikir mübadiləsi aparıldı.