AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QIRĞIZISTAN PREZİDENTİ ƏSGƏR AKAYEV İLƏ GÖRÜŞÜ
Dost ölkənin başçısını səmimiyyətlə salamlayan Prezident Heydər Əliyev Qırğızıstanın paytaxtında “Manas” dastanının 1000 illiyinə həsr olunmuş şənlikləri, xüsusən Manasın doğulub yaşadığı Talas vilayətində keçirilən yubiley tədbirlərini həmişə məmnunluqla xatırladığını bildirdi.
Azərbaycan Prezidenti ilə görüşdən şərəf duyduğunu söyləyən Prezident Əsgər Akayev Heydər Əliyevin türkdilli ölkələrin dövlət başçılarının Daşkənd forumundakı nitqindən razılıqla söhbət açdı və Transqafqaz dəhlizindən birgə istifadə etmək barədə onun fikirlərinə tərəfdar olduğunu bildirərək dedi ki, dördtərəfli Sərəxs sazişinə Qırğızıstan da qoşulacaqdır.
Söhbət zamanı prezidentlər Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf etdirilməsi, xalqlarımız arasındakı tarixi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi sahəsində lazımi tədbirlər görülməsinin vacib olduğunu nəzərə çarpdırdılar. Dövlət başçılarının fikrincə, bu əməkdaşlığın tənzimlənməsi, müstəqillik qazanmış ölkələrimizin keçid dövründə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, iqtisadi əlaqələrin daha da canlandırılması üçün respublikalarımız arasında bir çox hüquqi sənədlərin hazırlanıb imzalanmasına ehtiyac vardır.
Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana qarşıdakı rəsmi səfərindən də bəhs edildi. Prezidentlər hər iki respublikanın xarici işlər nazirlərinə bu səfərin təşkili ilə əlaqədar lazımi tapşırıqlar verdilər.
Görüşdə görkəmli qırğız yazıçısı və ictimai xadim Çingiz Aytmatov da iştirak edirdi.