AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ŞƏKİYƏ SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şəkidə tikintisi başa çatmış Olimpiya idman kompleksinin açılış mərasimində iştirak etmək üçün noyabrın 8-də ölkəmizin bu qədim şəhərinə yola düşmüşdür.
Maşın karvanının keçdiyi rayon və kəndlərin sakinləri dövlətimizin başçısını salamlamaq, ona hörmət və ehtiramını bir daha ifadə etmək üçün yolların kənarına çıxmışdılar.
İsmayıllı şəhərinin girəcəyində, xalça sexinin qarşısında rayonun minlərlə sakini toplaşmışdı. Prezident Heydər Əliyevi müşayiət edən maşın karvanı burada dayandı. Dövlətimizin başçısı onu qarşılamağa çıxan insanlarla səmimiyyətlə görüşdü.
İsmayıllılar Prezident Heydər Əliyevi böyük mehribanlıqla, hərarətlə salamladılar, onlarla görüşmək, hal-əhval tutmaq üçün vaxt ayırdığına görə dərin minnətdarlıqlarını bildirdilər. Onlar xatırlatdılar ki, keçmişdə, hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən də dövlətimizin başçısının gündəlik diqqət və qayğısını hiss etmişlər. O, 1981-ci ildə iki dəfə İsmayıllıda olmuş, özünün göstəriş və tövsiyələri ilə rayonun sosial-iqtisadi inkişafına yaxından kömək etmişdir.
İcra hakimiyyətinin başçısı Əhliman Tağıyev Prezident Heydər Əliyevi rayon sakinləri adından bir daha salamladı, son dövrdə sosial-iqtisadi həyatda baş verən yeniliklər, xüsusilə aqrar islahatın həyata keçirilməsi və onun müsbət nəticələri barədə məlumat verdi.
Prezident Heydər Əliyev ölkəmizin bu gözəl guşəsinin bacarıqlı, əməksevər adamlarını yüksək qiymətləndirərək dedi ki, İsmayıllının gözəl təbiəti və insanları var. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra burada da inkişaf və tərəqqi üçün geniş imkanlar yaranmışdır. İsmayıllıda sahibkarlar yeni emal müəssisələri işə salmaq, beləliklə də məhsul bolluğu yaratmaq sahəsində öz sözlərini deyə bilərlər.
Azərbaycan Prezidentini qarşılayanlar arasında gənclər də çox idi. Onlar həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevlə görüşməyə can atırdılar. Rayon camaatı, o cümlədən ağsaqqallar, gənclər Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi səmimiyyətlə salamladılar.
Səmimi söhbət zamanı rayon sakinləri son illər ölkəmizdə və eləcə də bu rayonda baş verən bütün müsbət dəyişikliklərə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. X X X
İsmayıllıda olduqca səmimi görüşdən sonra Prezident Heydər Əliyevi müşayiət edən maşın karvanı respublikamızın daha bir dilbər guşəsi olan Qəbələ rayonuna yola düşdü.
Yol boyu kəndlərin əhalisi xalqımızın və müstəqil dövlətimizin etibarlı gələcəyinin təminatçısı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi qarşılamağa çıxmışdı.
Maşın karvanı Qəbələ rayonunun iri yaşayış məntəqələrindən olan Vəndam kəndində dayandı. Qəbələ şəhərinin, yaxın kəndlərin yüzlərlə sakini, Vəndam camaatı, o cümlədən ağsaqqallar Azərbaycan Prezidentini böyük ehtiramla, məhəbbətlə qarşıladılar. İnsanlar hədsiz sevinclərini gizlətmədən Azərbaycan Prezidentini ürəkdən salamlayır, onlarla görüşmək qərarına görə dönə-dönə minnətdarlıqlarını bildirirdilər.
Kənd ağsaqqalları, gənclər Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi də səmimiyyətlə salamladılar, onunla görüşdən çox məmnun olduqlarını söylədilər.
Azərbaycan Prezidenti Heydər Əliyev Qəbələ rayonunun camaatını səmimiyyətlə salamladı, onlarla, xalqla hər bir görüşdən böyük sevinc duyduğunu vurğuladı.
Vəndam kənd bələdiyyəsinin başçısı Asif Haşımov Prezident Heydər Əliyevə müraciətlə bildirdi ki, qəbələlilər onun məqsədyönlü daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, ölkəmizdə yaranmış sabitliyin möhkəmləndirilməsi, hərtərəfli islahatların həyata keçirilməsi üçün səylərini əsirgəmirlər. Bərqərar olmuş ictimai-siyasi sabitlik, uğurla aparılan islahatlar, xüsusilə kəndlilərin çoxdan arzusunda olduqları torpaq islahatı ölkənin hər yerində olduğu kimi, Qəbələ rayonunun, o cümlədən Vəndam kəndinin həyatında da böyük dəyişikliklər yaratmışdır. Bələdiyyə başçısı kənd sakinlərinin qayğılarından da söhbət açdı.
Azərbaycan Prezidenti Heydər Əliyev qəbələlilərə gələcək işlərində uğurlar dilədi, mövcud problemlərin həlli üçün tədbirlər görüləcəyini bildirdi.
Qəbələlilər Azərbaycan Prezidenti ilə mehribanlıqla sağollaşdılar, ona yaxşı yol arzuladılar.
Dövlətimizin başçısı Heydər Əliyev elə həmin gün axşam Şəkiyə gəldi.
Foto Rafiq Bağırovundur