AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TACİKİSTAN PREZİDENTİ İMAMƏLİ RƏHMANOV İLƏ GÖRÜŞÜ
Tacikistan Prezidentini mehribanlıqla salamlayan dövlətimizin başçısı tacik və Azərbaycan xalqlarının tarixi dostluq əlaqələrindən bəhs etdi və bu münasibətləri daha da canlandırmaq üçün ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin vacib olduğunu nəzərə çarpdırdı.
Prezident Heydər Əliyevlə görüşündən şərəf duyduğunu bildirən Tacikistan Prezidenti Özbəkistana Əmir Teymurun 660 illik yubileyində iştirak etmək məqsədi ilə gəldiyini vurğuladı. O, Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə Tacikistanın böyük maraq göstərdiyini qeyd etdi və öz ölkəsindəki vəziyyət barədə Prezident Heydər Əliyevə ətraflı söhbət açdı.
Dövlət başçıları bir çox sahələrdə əlaqələrin yeni formada qurulması imkanlarından bəhs etdilər və Azərbaycan-Tacikistan iqtisadi münasibətlərinin perspektivlərini nəzərdən keçirdilər. Hər iki Prezident yeni müstəqillik qazanmış respublikalarımızın keçid dövründə qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın çox vacib olduğunu vurğuladı.
Prezidentlər hər iki dövləti maraqlandıran məsələlərin həlli, iqtisadi, mədəni əlaqələrin daha da canlandırılması ilə əlaqədar lazımi tədbirlər görmək üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli olduğunu bildirdilər.