AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞÜ
Respublikamızın rəhbərini hərarətlə salamlayan Süleyman Dəmirəl Heydər Əliyevlə hər bir görüşündən məmnun olduğunu bildirdi.
Dövlətimizin başçısı xoş sözlərə görə qardaş ölkənin rəhbərinə minnətdarlıq etdi, xalqlarımızın əlaqələrinin daha da sıxlaşdırılması üçün son illər görülmüş işlərdən razılıqla söhbət açdı.
Süleyman Dəmirəl bugünkü forumda Prezident Heydər Əliyevin nitqini çox məmnunluqla dinlədiyini nəzərə çarpdırdı və yeni müstəqillik qazanmış türkdilli dövlətlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması, onların dünya birliyi ilə sıx bağlanması sahəsində həlli vacib məsələlər barədə dövlətimizin başçısının fikirlərini ürəkdən bəyəndiyini bildirdi.
Prezident Heydər Əliyev də Süleyman Dəmirəlin forumdakı nitqindən məmnunluqla bəhs etdi və dünyada böyük nüfuz qazanmış Türkiyə Respublikasının ölkələrimiz üçün zəruri olan bir çox məsələlərin həllinə diqqət və qayğısını yüksək qiymətləndirdi.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələlərindən də ətraflı bəhs olundu. Prezident Süleyman Dəmirəl dedi ki, Ermənistanın təcavüzünü elə ilk gündən qətiyyətlə pisləyən Türkiyə Respublikası bundan sonra da Azərbaycanın mövqeyini dəstəkləyəcək və müdafiə edəcəkdir.
Respublikamızın rəhbərinin forumda Transqafqaz dəhlizi barədə söylədiyi fikrə tərəfdar olduğunu bildirən Süleyman Dəmirəl Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsində Türkiyə şirkətinin fəaliyyətindən də razılıqla bəhs etdi. Qardaş ölkənin başçısı Azərbaycanda demokratik proseslərin inkişafı, hüquqi dövlət quruculuğu sahəsində Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri diqqətlə izlədiyini vurğuladı və bütün bunların Türkiyədə böyük rəğbətlə qarşılandığını bildirdi.
Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hasil ediləcək neftin ixracı, bölgədə sülh yaradılması və bir çox digər mühüm məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəli dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi münasibətilə Bakıda keçiriləcək yubiley şənliklərində iştirak etməyə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.