AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKMƏNİSTAN PREZİDENTİ SAPARMURAD NİYAZOV İLƏ GÖRÜŞÜ
Türkmənistan dövlətinin başçısını mehribanlıqla salamlayan respublikamızın rəhbəri Prezident Saparmurad Niyazovun Azərbaycana rəsmi səfərindən məmnunluqla söhbət açdı.
Prezident Heydər Əliyev ilə görüşündən həmişə şərəf duyduğunu nəzərə çarpdıran Türkmənistan Prezidenti Bakıya səfəri zamanı ona göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirərək dedi ki, Azərbaycan rəhbərinin də Aşqabada səfəri xalqımızın yaddaşında xoş bir xatirə kimi qalmışdır.
Azərbaycan-Türkmənistan iqtisadi əlaqələrinin hazırkı inkişafından razı qaldıqlarını bildirən dövlət başçılarının fikrincə, bu sahədə daha geniş imkanlar vardır və onlardan hərtərəfli istifadə edilməlidir. Təbii ehtiyatların işlənməsi və hasil edilən məhsulun dünya bazarlarına çıxarılması sahəsindəki problemlərin aradan qaldırılmasına dair nəzərdə tutulan tədbirləri sürətləndirməyin vacibliyinə toxunan prezidentlər Transqafqaz dəhlizindən istifadə olunması barədə dördtərəfli Sərəxs sazişinin böyük əhəmiyyətini bir daha qeyd etdilər. Qazaxıstanın və Qırğızıstanın da bu sazişə qoşulmaq niyyətindən razılıqla söhbət açdılar.
Görüşdə xalqlarımızın mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün həlli vacib olan tədbirlər barədə fikir mübadiləsi aparıldı və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlərə də toxunuldu.