AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVSTRİYANIN BAŞ PROKURORUNU QƏBUL ETMİŞDİR
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı İlham Əliyev Azərbaycan ilə Avstriya arasında əlaqələrin sürətlə inkişaf etdiyini nəzərə çarpdıraraq bildirdi ki, bu əlaqələr müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə genişlənməkdədir.
Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında əməkdaşlıq həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq qurumlar çərçivəsində uğurla davam edir.
Respublikamızın Avropa strukturlarına inteqrasiya edilməsini ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Birliyinin yeni qonşuluq siyasətində fəal iştirak etdiyini nəzərə çarpdırdı.
Ölkələrimizin müxtəlif dövlət strukturları arasında, o cümlədən prokurorluq sistemləri arasında əlaqələrin daha da genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərdiyini bildirən dövlətimizin başçısı Avstriyanın ədliyyə nazirini Bakıda qəbul etdiyini məmnunluqla xatırlatdı, ümumiyyətlə, ədliyyə sistemi və hüquq mühafizə orqanları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin beynəlxalq aləmdə böyük önəm daşıdığını vurğuladı. Prezident İlham Əliyev dedi ki, beynəlxalq aləmin yeni təhlükələr, xüsusilə də beynəlxalq terrorizm kimi bəlalarla üzləşdiyini nəzərə alsaq, bu sahədə əməkdaşlığımız çox əhəmiyyətli sayıla bilər. Azərbaycan özü terrorizmin qurbanıdır, ona görə də terrorizmə qarşı mübarizədə səylərin durmadan gücləndirilməsində çox maraqlıdır.
Dövlətimizin başçısı İlham Əliyev cənab Valter Preslauyerin Bakıya səfərinin uğurlu keçməsini arzuladı.
Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən qonaq Azərbaycanda keçirdiyi uğurlu görüşlər barədə məlumat verdi. “Əsrin müqaviləsi”nin onuncu ildönümünün qeyd edildiyi günlərdə Bakıya səfər etməsindən böyük məmnunluq duyduğunu bildirən Valter Preslauyer Azərbaycan Prezidentini və xalqını səmimi qəlbdən təbrik etdi.
Ölkələrimizin keçdiyi tarixi yollar arasında oxşarlıq olduğunu nəzərə çarpdıran qonaq onun təmsil etdiyi xalqın da vaxtilə Azərbaycan xalqı kimi qaçqınlar problemi ilə üzləşdiyini xatırlatdı.
Beynəlxalq terrorizmlə mübarizənin birgə səylər vasitəsilə mümkün olduğunu vurğulayan qonaq ölkələrimizin prokurorluq sistemləri arasında əməkdaşlığın bu işdə mühüm rol oynadığını söylədi.
Cənab Valter Preslauyer əminliyini bildirdi ki, hər iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq daha da genişlənəcəkdir.
Qəbulda Azərbaycanın Baş prokuroru Zakir Qaralov iştirak edirdi.