AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “BP” ŞİRKƏTİNİN İCRAÇI VİTSE-PREZİDENTİ ENDRYU İNQLİSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Prezident sarayında “bp” şirkətinin icraçı vitse-prezidenti Endryu İnqlisi qəbul etmişdir.
Dövlətimizin başçısı bu il Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlayacağını bildirdi. O, enerji təhlükəsizliyi məsələsinin prioritet xarakter almağa başladığı hazırkı dövrdə bu boru kəmərlərinin yalnız region üçün deyil, dünya üçün əhəmiyyət kəsb etdiyini vurğuladı. Prezident İlham Əliyev “bp” şirkətinin ölkəmizin enerji strategiyasının həyata keçirilməsində rolunu qeyd etdi.
Endryu İnqlis Azərbaycana son səfərindən ötən bir il ərzində ölkəmizdə enerji layihələrinin həyata keçirilməsi istiqamətində böyük tərəqqiyə nail olunduğunu qeyd etdi. O, Azərbaycanın enerji təminatı sahəsində etibarlı tərəfdaşa çevrildiyini bildirdi və bu nailiyyətlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edildiyini vurğuladı. Qonaq “bp” şirkətinin Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirəcəyinə əminliyini söylədi.