AZƏRBAYCAN PREZİDENTİ İlHAM ƏLİYEV FRANSA SENATININ ÜZVÜ EMERİ DE MONTESKUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Prezident sarayında Fransa Senatının üzvü Emeri de Monteskunu qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə etdi. Fransaya səfərlərini razılıqla xatırlayan, Parisdə keçirdiyi görüşləri, apardığı danışıqları yüksək dəyərləndirən Prezident İlham Əliyev, bütün bunların ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işində mühüm rol oynadığını nəzərə çarpdırdı.
Prezident İlham Əliyev Azərbaycanda enerji sahəsində həyata keçirilən bir sıra layihələrdə Fransa şirkətlərinin fəal iştirak etdiyini vurğuladı. Dövlətimizin başçısı Fransanın müxtəlif səviyyəli nümayəndə heyətlərinin ölkəmizdə səfərdə olduqlarını bildirdi.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması ilə əlaqədar ATƏT-in faktaraşdırıcı qrupunun nümayəndə heyətinin Bakıya səfərindən bəhs edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Minsk qrupunun həmsədri kimi Fransanın mühüm rol oynadığını qeyd etdi.
Cənab Emeri de Montesku Azərbaycan-Fransa əlaqələrinin müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini nəzərə çarpdırdı. O, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsində Fransa şirkətlərinin fəal iştirak etdiyini vurğuladı. Prezident İlham Əliyevin Fransaya səfərini məmnunluqla xatırlayan qonaq dövlətimizin başçısının Parisdə keçirdiyi görüşlərin, apardığı danışıqların çox səmərəli olduğunu bildirdı.