RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Prezident sarayında Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Bernar Amodrik dü Şafo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə səmimi söhbət etdi. Yeni təyinat münasibətilə səfiri təbrik edən dövlətimizin başçısı əminliklə vurğuladı ki, ölkələrimiz arasındakı əlaqələr daha da möhkəmlənəcəkdir. Bizim bütün sahələrdə çox uğurlu əməkdaşlığımız var. Mənim Fransaya etdiyim bir neçə səfər bir daha onu göstərir ki, aramızda həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlıq möhkəmlənir. Eyni zamanda, bizim Avropa İttifaqı ilə genişlənən əməkdaşlığımız ikitərəfli münasibətlərimizə müsbət təsir göstərir.
Prezident İlham Əliyev dedi ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə öz töhfəsini verir. Ümid edirəm ki, vasitəçilərin səyləri nəticəyə gətirib çıxaracaqdır. Bu təyinatla bağlı sizi təbrik edir və Azərbaycandakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Səfir Bernar Amodrik dü Şafo onun etimadnaməsini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, hər iki ölkəni bir-birinə dostluq münasibətləri bağladığını vurğulayaraq dedi ki, Fransanın Prezidenti Jak Şirakın Sizinlə xüsusi dostluq münasibəti vardır. Bu əsil dostluq münasibətləri əməkdaşlığın bütün sahələrdə inkişafına təkan verir. Prezident Jak Şirak və Fransa hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsinə çox həssaslıqla yanaşır və öz siyasi öhdəliklərini anlayırlar.