AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB JVANİYANI QƏBUL ETMİŞDİR
Hörmətli qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında bütün sahələrdə dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, o cümlədən energetika sahəsində əməkdaşlığımız çox səmərəli və yüksək səviyyədə davam edir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan təcavüzkar separatçılığa qarşı mübarizədə Gürcüstanın mövqeyini müdafiə edir və ərazi bütövlüyünü dəstəkləyir.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə əlaqələr bundan sonra da uğurla inkişaf edəcəkdir.
Səmimi qəbula görə minnətdarlıq edən qonaq cənab Mixail Saakaşvilinin salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdıraraq dedi ki, iki ölkənin prezidentləri arasındakı səmimi dostluq Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdirilməsinə xüsusi təkan verir.
Zurab Jvaniya bildirdi ki, Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində əsası qoyulmuş neft strategiyasının uğurlu nəticələri bu gün göz qabağındadır və Prezident İlham Əliyev də bu siyasəti müvəffəqiyyətlə davam etdirir. O, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın durmadan inkişaf etməsindən məmnunluqla söhbət açdı.
Cənab Jvaniya vurğuladı ki, Qafqazdakı problemlərə və beynəlxalq münasibətlərə dair məsələlərə yanaşmada Azərbaycan ilə Gürcüstanın mövqeyi eynidir.
Qonaq əmin olduğunu bildirdi ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir.