AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfiri səmimiyyətlə salamlayan və onun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev cənab Əhəd Qəzainin respublikamızda işlədiyi dövrdə Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasına layiqli töhfə verdiyini nəzərə çarpdırdı.
Son illərdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin İrana və İİR Prezidenti Məhəmməd Xatəminin Azərbaycana səfərlərinin və həmin səfərlər zamanı aparılan danışıqların, əldə olunmuş razılıqların, imzalanmış sənədlərin bu əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirdi.
Prezident İlham Əliyev daha sonra səfir Əhəd Qəzaiyə gələcək fəaliyyətində böyük uğurlar arzuladı.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin İrana səfərlərinin Tehranda həmişə böyük məmnunluqla xatırlandığını nəzərə çatdırdı və ölkələrimiz arasında əlaqələrin son illər daha da inkişaf etməsindən razılıqla söhbət açdı.
İki qonşu ölkə arasında münasibətlərin durmadan möhkəmlənməsində Prezident Heydər Əliyevin xüsusi xidmətləri olduğunu bildirən səfir dedi ki, Azərbaycanın ümummilli liderinin bu əlaqələrin sürətlə inkişaf etməsinə verdiyi əvəzsiz töhfəni biz həmişə böyük minnətdarlıqla xatırlayırıq.
Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini, Azərbaycan-İran münasibətlərinin möhkəmləndirilməsi sahəsində son illər görülən işlərin onun ölkəsində müsbət dəyərləndirildiyini nəzərə çarpdıran Əhəd Qəzai İran Prezidenti Məhəmməd Xatəminin respublikamıza rəsmi səfərinin qarşılıqlı surətdə faydalı əlaqələrimizin daha da inkişaf etməsinə yeni təkan verəcəyini vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanla İran arasında bütün sahələrdə əməkdaşlığın bundan sonra da sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirdi.