AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ EKMƏLƏDDİN İHSANOĞLUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Prezident sarayında İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.Bakıda “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda beynəlxalq konfransda iştirak edən Ekmələddin İhsanoğlu bu tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğuladı və onun yüksək səviyyədə təşkil olunduğunu söylədi. Qonaq Azərbaycan Prezidentinin Koreya Respublikasına uğurla həyata keçirilmiş dövlət səfərini maraqla izlədiyini bildirdi. Ekmələddin İhsanoğlu İslam Konfransı Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin daim genişləndiyini və müvəffəqiyyətlə inkişaf etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluğunu ifadə etdi, ölkəmizin bu qurumla əlaqələrinin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi.