AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LİTVANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Prezident sarayında Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vyatautas Nauduzasın etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vyatautas Nauduzas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə səmimi söhbət etdi. Litvalı diplomat Azərbaycanda yeni səfir kimi fəaliyyətə başlamasından böyük məmnunluğunu bildirdi, ölkələrimiz arasında əlaqələrin inkişafını vurğuladı. O, Litvada Azərbaycan icmasının ölkənin ictimai-siyasi həyatında və digər sahələrdə fəal iştirak etdiyini söylədi və dedi ki, dostluq əlaqələrimiz bundan sonra da daim inkişaf edəcəkdir.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğuladı, Litva Prezidenti Valdas Adamkusla görüşlərini məmnunluqla xatırlatdı. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında həm ikitərəfli əlaqələr, həm də Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq genişlənir.
Prezident əmin olduğunu bildirdi ki, Azərbaycanla Litva arasında münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.