AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏDƏNİYYƏT NAZİRİ POLAD BÜLBÜLOĞLUNA “İSTİQLAL” ORDENİNİ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Prezident sarayında mədəniyyət naziri Polad Bülbüloğluna respublikamızın ali mükafatı olan “İstiqlal” ordenini təqdim etmişdir.
Prezident İlham Əliyev Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik etdi və Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə onun “İstiqlal” ordeni ilə təltif edilməsi barədə Sərəncam verdiyini bildirdi.
Dövlətimizin başçısı İlham Əliyev uzun illərdən bəri tanıdığı, görkəmli ifaçı, bəstəkar Polad Bülbüloğlunun unudulmaz əsərlərinin xalqımız tərəfindən həmişə sevildiyini vurğuladı və bir nazir kimi onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Polad Bülbüloğlunun uzun müddət xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında işlədiyini xatırladaraq dedi ki, ölməz Bülbülün oğlunun yaradıcılığına və fəaliyyətinə ulu öndərimiz həmişə böyük diqqət və qayğı göstərmişdir. Dövlətimizin başçısı onun yaradıcılığını bu gün də davam etdirməsini yüksək dəyərləndirərək dedi ki, bu, qəlbən hələ də gənc olduğunuzu göstərir.
Prezident İlham Əliyev Polad Bülbüloğlunu yubileyi münasibətilə bir daha təbrik etdi və “İstiqlal” ordenini ona təqdim etdi.
Polad Bülbüloğlu onu Vətənimizin ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif etdiyinə və yaradıcılığına, fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirdi. O, ulu öndərimiz Heydər Əliyevin yolunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin böyük Bülbülün varisinə Azərbaycanın ali mükafatını təqdim etməsindən böyük şərəf və qürur duyduğunu söylədi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında on ildən çox işləməsindən böyük şərəf duyduğunu bildirən Polad Bülbüloğlu dedi ki, bu dövr onun üçün həyatda ən böyük məktəb idi və o, həmin illərin heç bir gününü heç vaxt unutmayacaqdır.
Ulu öndərimiz Heydər Əliyevin Bülbül ocağına daim böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan Polad Bülbüloğlu dedi ki, Bülbülün ev muzeyinin yaradıcısı da məhz Heydər Əliyev olmuşdur. O bildirdi ki, Bülbülün 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə ümummilli liderimiz Heydər Əliyevin dərin məzmunlu nitq söyləməsi və həmin günlərdə dahi müğənninin məzarını ziyarət etməsi Bülbülün ailə üzvlərinin qəlbində daim yaşayacaqdır.
Polad Bülbüloğlu xalqımızın ümummilli lideri Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin ona Vətənin ali mükafatını təqdim etməsinə görə dövlətimizin başçısına bir daha dərin minnətdarlığını və təşəkkürünü bildirdi.