AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÖLKƏMİZİN YƏHUDİ İCMASININ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Prezident sarayında yəhudilərin Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə ölkəmizin yəhudi icmasının nümayəndələrini qəbul etmişdir.
Dövlətimizin başçısı yəhudi icmasının təmsilçilərini bayram münasibətilə təbrik edərək onlara və ailələrinə, Azərbaycanın bütün yəhudi icmasına firavanlıq, cansağlığı arzuladı.
Prezident İlham Əliyev ölkəmizdəki inkişafdan, iqtisadi-siyasi proseslərdən danışdı və bildirdi ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri, müxtəlif dinlərə məxsus insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Dövlətimizin başçısı dedi:
- Əlbəttə, Azərbaycanda yaşayan bütün xalqlar arasında sülhün olması başlıca nailiyyətdir. Çox xoşdur ki, bu dostluq, qardaşlıq münasibətləri ildən-ilə möhkəmlənir və bütün bunlar ölkəmizin rifahının xeyrinədir. Milli həmrəylik olmayan ölkələrdə problemlər də var, çətinliklər də var, anlaşılmazlıq da var. Milli həmrəylik olan ölkələrdə isə sülh, firavanlıq və həmrəylik var. Biz hamımız ölkəmiz üçün firavanlıq istəyirik. Hamımız Azərbaycan vətəndaşlarıyıq və öz Vətənimizi sevirik. Azərbaycanda olan bu doğmalıq şəraiti çox mühümdür.
Azərbaycandakı yəhudi icması çox böyük tarixə, ənənələrə malikdir və özünün bənzərsiz özgürlüyünü, mədəniyyətini, milli adət-ənənələrini qoruyub saxlamışdır, cəmiyyətə çox fəal inteqrasiya etmişdir.
Azərbaycan dağ yəhudiləri icmasının sədri Semyon İxiilov ölkəmizdə yəhudilərə yaradılan şərait üçün minnətdarlığını bildirdi, respublikamızda görülən işlərdən, son illərdəki tərəqqidən danışdı. Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə yönəldilmiş Prezident fərmanları və sərəncamlarının əhəmiyyətini xüsusi vurğuladı. O dedi ki, cənab Prezident, ölkəmiz müstəqilliyə nail olduğu vaxtdan bəri qayğını, ilk növbədə, dahi Heydər Əliyevin böyük qayğısını daim hiss edirdik. İndi isə biz bu qayğını, bəlkə də böyük qayğını Sizdən görürük.
Hər zaman onlara göstərilən diqqətdən razılığını bildirən Semyon İxiilov vurğuladı ki, Xolokost və Xocalı soyqırımı da xalqlarımızı birləşdirən amillərdəndir. Biz görülən bütün işlərə görə Sizə və həyat yoldaşınıza - Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirmək istəyirik. Bir ildə 132 məktəb tikilməsi barədə təşəbbüs görünməmiş və eşidilməmiş bir işdir. Hələ nə qədər də tikiləcəkdir. Özü də bu, əsla son hədd deyildir.
Prezident İlham Əliyev xatırlatdı ki, ölkənin bütün regionlarında məktəblərlə yanaşı, ən müasir tibb avadanlığı ilə təchiz olunmuş xəstəxanalar da tikiləcəkdir.
Azərbaycanın Avropa yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç yəhudi mədəniyyətinin inkişafına göstərilən diqqətdən danışaraq dedi ki, yüz ildə ilk dəfə olaraq sinaqoq tikildi. Buna Sizin də köməyiniz oldu. Yəhudi evi də inşa edildi. Hazırda məktəblərimiz də var. Moskvadan sonra ikinci məktəbimizi Bakıda tikmək üçün kifayət qədər torpaq ayırdığınıza görə Sizə təşəkkür edirik. Semyon Borisoviçlə biz xarici ölkələrdə, müxtəlif konfranslarda tez-tez oluruq. Orada antisemitizm üzrə monitorinq keçirilir. Azərbaycan bu siyahıya heç vaxt düşmür. Əksinə, orada Azərbaycan həmişə nümunə kimi göstərilir, deyirlər ki, baxın, öyrənin.
Azərbaycan-İsrail əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirərək dedi: “Başlıcası budur ki, biz insanların arzu və istəklərinə əsaslanan birmənalı, müstəqil xətt yeritməliyik və bu istiqamətdə işləyirik. Siz Heydər Əliyevin rolunu qeyd etdiniz. Doğrudan da, Azərbaycanın tarixində onun nadir rolu olmuşdur.
Dövlətimizin başçısı müstəqilliyimizin ilk çağlarını xatırladaraq, o vaxt hakimiyyətdə olanların ölkənin və xalqın taleyinə göstərdikləri biganəliyi konkret faktlarla əsaslandırdı. Eyni zamanda, bildirdi ki, dini dözümlülüyünə görə həmişə yaxşı mənada seçilən Azərbaycan tolerantlığın inkişafı baxımından nümunəvi ölkə olmalıdır, burada bütün dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşılır.
Sonra Azərbaycanın Avropa yəhudiləri icmasının baş ravvini Meyer Bruk çıxış edərək dedi ki, biz bu yaxınlarda yəhudilərin dünya konqresində olduq. Orada bildirildi ki, Azərbaycanda antisemitizm yoxdur, Azərbaycanda yəhudilərin təhlükəsizliyi və əmin-amanlığı təmin edilmişdir. Konqresdə Heydər Əliyevin bu işdə rolu və xidmətləri xüsusi vurğulandı. Yaxşı yadımızdadır, biz Heydər Əliyevlə görüşəndə o demişdi ki, Azərbaycanda yəhudilər arxayın ola bilərlər.
Görüşün sonunda Azərbaycanın yəhudi icması adından Prezidentə hədiyyələr təqdim edildi.
Dövlətimizin başçısı görüş iştirakçıları ilə Prezident sarayının qarşısında xatirə şəkli çəkdirdi.