AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÖZBƏKİSTAN PARLAMENTİNİN QANUNVERİCİLİK PALATASININ SƏDRİ ERKİN XƏLİLOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Özbəkistan Respublikası parlamentinin Qanunvericilik palatasının sədri Erkin Xəlilovu qəbul etmişdir.
Palatanın sədri Özbəkistan Prezidenti İslam Kərimovun səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı və dedi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir, siyasi, iqtisadi əməkdaşlığı bundan sonra da inkişaf etdirmək zəruridir. Biz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirik və bu, gələcəkdə də davam etdiriləcəkdir. Regional əməkdaşlığı inkişaf etdirərək bir-birimizi dəstəkləməliyik.
Azərbaycan Prezidenti İlham Əliyev Prezident İslam Kərimova ölkəmizə səfərə dəvətini çatdırmağı xahiş etdi, iki dövlət arasında yaxın münasibətlərin olduğunu bildirdi, respublikamızda həyata keçirilən islahatlardan danışdı.
Erkin Xəlilov Azərbaycanda son iki il ərzində baş verən iqtisadi yüksəlişi vurğulayaraq dedi ki, biz hamımız sizin uğurlarınızla sevinir və qürur hissi keçiririk.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi oldu.