AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTANIN BAŞ NAZİRİ ŞÖVKƏT ƏZİZİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əzizi qəbul etmişdir.
Görüşdə Pakistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, elm və texnologiyalar sahəsində əməkdaşlığın zəruriliyi qeyd olundu.
Pakistanın Baş naziri Şövkət Əziz Azərbaycanın neft və qaz sahəsinin inkişafının Pakistanda çox yaxından izlənildiyini bildirərək dedi ki, indi rəsmi İslamabad bu istiqamətdə işlər aparır. Neft və qaz sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və bundan yararlanmaq bizim üçün çox əhəmiyyətlidir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin neft-qaz, elm və texnologiyalar sahəsində zəngin təcrübəsindən danışdı, bu sahədə Pakistanla əməkdaşlığın əhəmiyyətini bildirdi.
Pakistanın Baş naziri öz ölkəsində gedən iqtisadi, siyasi proseslərdən danışdı, o cümlədən iqtisadi inkişafın artdığını bildirdi, yoxsulluğun azaldılması istiqamətində hökumətin gördüyü işlərdən söhbət açdı, qonşu ölkələrlə münasibətlər məsələsinə toxundu.
Görüşdə regional əməkdaşlıq, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, bölgədəki vəziyyət barədə geniş fikir mübadiləsi aparıldı.