AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRĞIZISTAN BAŞ NAZİRİNİN MÜAVİNİ ALMANBET MATUBRAİMOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Qırğızıstan Baş nazirinin müavini Almanbet Matubraimovu qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyi qeyd olundu və bildirildi ki, bu, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəkdir. Söhbət zamanı Azərbaycanda və Qırğızıstanda gedən iqtisadi proseslərə də toxunuldu. Prezident İlham Əliyev ümidvar olduğunu söylədi ki, Qırğızıstanda yeni hökumət strukturları möhkəmlənəcək və ölkə inkişaf edəcəkdir.
Dövlətimizin başçısı 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyətin çox ağır olduğunu, iqtisadi tənəzzülün və böhranın mövcudluğunu xatırladaraq dedi ki, bu proseslərdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Görüşdə ölkələrimizin müxtəlif strukturları, eləcə də hökumət üzvləri və parlamentariləri arasında əlaqələrin artırılmasının vacibliyi qeyd olundu.
Almanbet Matubraimov Qırğızıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğuladı. O, Qırğızıstan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edə bilməməsindən təəssüfləndiyini söylədi və Qırğızıstan rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevi onun üçün münasib olan vaxtda Bişkekə dəvətini çatdırdı.
Qırğızıstan Baş nazirinin müavini Azərbaycanın iş adamlarının öz ölkəsinə cəlb edilməsində maraqlı olduğunu bildirdi.