AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ MEHMET AYDINI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Prezident sarayında Türkiyənin Dövlət naziri Mehmet Aydını qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin müxtəlif sahələrdə çox uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin açılışı mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olduğunu, səfər zamanı Türkiyənin Prezidenti və Baş naziri ilə səmərəli görüşlər keçirdiyini məmnunluqla xatırlatdı.
Mehmet Aydın Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Türkiyə-Azərbaycan iqtisadi komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycana səfər etdiyini bildirən qonaq komissiyanın fəaliyyətinin ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyini qeyd etdi.
Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi.