AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ MAESTRO MSTİSLAV ROSTROPOVİÇ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR
Dövlətimizin başçısı İlham Əliyev ümummilli liderimizin yaxın dostu olmuş Mstislav Rostropoviçə Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı söhbət açdı.
Mstislav Rostropoviç Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan, habelə keçmiş SSRİ tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi liderlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldu. O, ümummilli liderimizin Sovetlər İttifaqının dövlət və hökumət rəhbərləri ilə birgə çəkilmiş fotoşəkillərinə xüsusi maraqla baxdı. Bu dahi şəxsiyyətin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi daimi qayğı və diqqəti əks etdirən eksponatlar maestroda böyük maraq doğurdu.
Mstislav Rostropoviç fondla tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Mstislav Rostropoviç binanın eyvanından Bakının mənzərəsini seyr etdilər. Dövlətimizin başçısı şəhərdə görülən işlərdən danışdı. Maestro Bakıda son illərdə aparılmış abadlıq və quruculuq işlərinə heyran olduğunu söylədi.