AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ TADAHİRO ABENİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Prezident sarayında Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abeni qəbul etmişdir.
Dövlətimizin başçısı Yaponiyaya rəsmi səfərini məmnunluqla xatırladı. Səfər zamanı mühüm görüşlər keçirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev xüsusilə Yaponiyanın Baş naziri ilə danışıqların çox səmərəli olduğunu vurğuladı. Dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Tadahiro Abe Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Səfir dövlətimizin başçısının Azərbaycan-Yaponiya iqtisadi forumundakı və Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışlarının Yaponiyanın xüsusilə işgüzar dairələrinin ölkəmizin hazırkı inkişafı barəsində ətraflı məlumat almasına gözəl imkan yaratdığını qeyd etdi.