RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN ENERGETİKA NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İstanbulun “Çırağan” sarayında Amerika Birləşmiş Ştatlarının energetika nazirinin müavini Kley Sell ilə görüşmüşdür.
ABŞ Prezidenti Corc Buşun və energetika nazirinin səmimi salamlarını dövlətimizin başçısına çatdıran Kley Sell bildirdi ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var, eyni zamanda, onun həm region üçün, həm də ABŞ üçün önəmi böyükdür. O, Azərbaycanın enerji təchizatı işində rolunun artması və bu böyük qlobal layihənin başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edərək dedi ki, biz Sizin uğurlarınıza şadıq və əməkdaşlığımızın daha da genişlənəcəyinə əminik. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də uğurla fəaliyyət göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev səmimi salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Prezident Corc Buşa və energetika nazirinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində ABŞ-ın böyük rolunu vurğuladı və Azərbaycanın bunu yüksək qiymətləndirdiyini söylədi. Prezident İlham Əliyev dedi ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji təchizatı sahəsində yeni bir mərhələ olacaqdır. Əminik ki, bu layihə də uğurla həyata keçiriləcək və ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq daha da genişlənəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.