AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN TİCARƏT NAZİRİ KARLOS QUTYERRES İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, həmin gün Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda ABŞ-ın ticarət naziri Karlos Qutyerres ilə görüşmüşdür.
Dövlətimizin başçısı ilə görüşmək imkanından şərəf duyduğunu bildirən nazir Azərbaycan Prezidentinin Vaşinqtona səfərini yüksək qiymətləndirərək dedi ki, ABŞ müstəqil Azərbaycanın uğurlarını maraqla izləyir. O, qlobal əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan layihəsinin hazırlanıb həyata keçirilməsini şəxsən Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük uğuru kimi dəyərləndirdi.
Dövlətimizin başçısı Xəzərin Azərbaycan sektorunda zəngin neft yataqlarının birgə işlənilməsinə dair müxtəlif ölkələrin, o cümlədən ABŞ-ın aparıcı şirkətləri ilə sazişlərin imzalanmasında, habelə əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında Birləşmiş Ştatlar hökumətinin xüsusi rolunu vurğuladı, bütün bu işlərdə müstəqil Azərbaycan dövlətinin böyük qətiyyət və iradə nümayiş etdirdiyini xatırlatdı. Prezident İlham Əliyev dedi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin tam başa çatdırılmasında heç bir problem yoxdur və bu il ərzində kəmər istismara hazır olacaqdır.
Cənab Qutyerres bildirdi ki, Azərbaycanın dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunmaq sahəsində gördüyü işləri ABŞ hökuməti və ölkənin işgüzar dairələrinin nümayəndələri yüksək qiymətləndirirlər. Birləşmiş Ştatlar əsas ixrac boru kəmərini Xəzər regionunu dünya iqtisadiyyatına qovuşduran mühüm vasitə hesab edir və bu sahədə Azərbaycanı hər cəhətdən dəstəkləyir. ABŞ Azərbaycanla həm neft-qaz sektorunda, həm də digər sahələrdə əməkdaşlığı genişləndirəcəkdir. ABŞ-ın xarici siyasətdə, xüsusən iqtisadi-ticarət əlaqələrində Azərbaycana böyük əhəmiyyət verdiyini vurğulayan nazir bu sahədə Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətini yüksək qiymətləndirdi.