AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ASTANAYA SƏFƏRİ
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov yola saldılar.
X X X
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Qazaxıstan paytaxtına gəldi.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Astana beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayev, MDB-nin icraçı katibi Vladimir Ruşaylo, Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, ölkəmizin Qazaxıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar. Milli geyimli qız dövlətimizin başçısına gül dəstəsi təqdim etdi.
Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha – “İnterkontinental” mehmanxanasına yola düşdü.