AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Çox sağ olun, cənab Prezident!
Gözəl ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizə göstərilmiş qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Biz ikitərəfli münasibətlərə aid bir çox məsələləri əhatə etdik, siyasi, iqtisadi və mədəni sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığımızın gələcək perspektivlərini təfərrüatı ilə müzakirə etdik. Bu gün mən Klaypeda limanına səfər etmək və ölkənin malik olduğu böyük infrastruktur avadanlığını görmək imkanına malik oldum. Bu, yükdaşımaları sahəsində yeni perspektivlər açır. Bütün bu sahələrdə biz uğurla əməkdaşlıq edə və ölkələrimizin qarşılıqlı fayda götürməsinə töhfə verə bilərik.
Siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. Buna çox səbəblər var, o cümlədən rəsmi səfərlərin mübadiləsi. Əminəm ki, mənim Litvaya səfərimdən sonra rəsmilərimiz, nazirlərimiz və parlament üzvlərimiz daha çox səfərlər edəcəklər. Biz mədəniyyət işçilərindən ibarət nümayəndə heyətlərinin mübadiləsi barədə razılığa gəldik. Bütün bunlar bizim əməkdaşlığı daha da zənginləşdirəcək.
Əlbəttə ki, xalqlarımız mövcud olan qarşılıqlı irsimizi qorumalıdır. Bugünkü razılığımıza uyğun olaraq, Litvanın tanınmış dövlət xadimi Kreve-Mitskyaviçyusun anadan olmasının 125-ci ildönümü münasibətilə Bakı şəhərində vaxtilə onun yaşadığı binaya xatirə lövhəsi vurulacaqdır. Bu, ölkələrimiz arasında səmimiliyə və tarixi münasibətlərimizə dəlalət edən işarədir. Bu gün iki müstəqil ölkə - Litva və Azərbaycan uğurla inkişaf edir. Son illər ərzində əldə etdiyiniz iqtisadi göstəricilərə və səfər etdiyim Vilnüs, Klaypeda, Palanqa kimi şəhərlərə nəzər salsaq kifayətdir. Əminəm ki, ölkənin digər yerləri də həmin üç şəhər kimi gözəldir. Biz burada olduqca yüksək inkişafı, mədəniyyəti gördük. Burada əsl Avropanı hiss etdik. Biz çox şadıq ki, ölkəniz öz köklərinə, Avropa ailəsinə qayıdır. Siz Avratlantik strukturlarına tam inteqrasiya olmusunuz və Azərbaycan kimi ölkələrin atdığı addımları dəstəkləyirsiniz. Biz Avropa İttifaqı və NATO ilə həyata keçirdiyimiz proqramlara verdiyiniz dəstəyi çox yüksək qiymətləndiririk. Bu, bizim ölkə üçün və Xəzər-Qara-Baltik dənizləri regionunda ümumi əməkdaşlıq üçün çox dəyərli və vacibdir. Bu əməkdaşlıq artıq görünür. Hesab edirəm ki, ikitərəfli münasibətlərimiz həmin geniş beynəlxalq tərəfdaşlığa ciddi şəkildə töhfə verir.
Əfsuslar olsun ki, biz artıq yola düşməliyik. Lakin bildiyiniz kimi, biz bir aydan sonra yenidən ölkənizə qayıdacağıq və Vilnüs enerji sammitində iştirak edəcəyik. Bu, çox vacib beynəlxalq tədbir olacaqdır. Gələcəkdə bizim burada və Bakıda çox təmaslarımız olacaq və tərəfdaşlığımız uğurla davam etdiriləcəkdir.
Səmimiliyinizə, qonaqpərvərliyinizə görə bir daha minnətdaram və mən Sizə və bütün Litva xalqına uğurlar və tərəqqi arzulayıram.