AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün Azərbaycanın mədəni həyatında çox mühüm bir gündür. Ölkəmizin nümayəndəsi YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülür. Bu, çox əlamətdar bir hadisədir. Çünki bu, mədəni əlaqələrimizin möhkəmlənməsi deməkdir.
Azərbaycan və YUNESKO-nun əməkdaşlığının uzun tarixi vardır. Biz Baş direktorun ölkəmizə səfərini xatırlayırıq. Onun apardığı müzakirələr çox əhəmiyyətli olmuşdur. İndi biz birgə layihələr, proqramlar həyata keçiririk ki, Azərbaycan xalqının mədəni və tarixi irsini qoruyub saxlayaq və təbliğ edək.
Azərbaycanın çox qədim tarixi və zəngin mədəni irsi var. Ölkəmiz dünya mədəniyyətinə çoxlu töhfələr vermişdir. Eyni zamanda, dünya mədəniyyətinin nümunələri də Azərbaycanda geniş təmsil olunmuşdur. YUNESKO ilə qarşılıqlı əməkdaşlıq gələcəkdə bizim daha da yaxınlaşmağımıza kömək edəcəkdir.
Azərbaycan beynəlxalq aləmin bir hissəsi, müstəqilliyini nisbətən yeni qazanmış ölkədir. Əlbəttə, ölkəmizin beynəlxalq birliyə tam inteqrasiyası üçün hələ çox iş görülməlidir. Biz bu istiqamətdə fəal iş aparırıq. Avropa ölkələri ilə ümumən beynəlxalq qurumlarla həm siyasi, həm iqtisadi, həm də sosial səviyyədə geniş əlaqələrimiz vardır.
Şübhəsiz ki, biz mədəni əməkdaşlıq sahəsində daha çox uğur əldə etməyi də arzulayırıq. Mən əminəm ki, xanım Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri təyin olunması bu sahədə bizə yardım edəcəkdir. Mehriban xanımın on ilə yaxın bir müddətdə rəhbərlik etdiyi fond mədəniyyətin inkişaf etdirilməsi, mədəni irsin qorunması, xalqımızın ənənələrinin yaşadılmasında mühüm rol oynamışdır. Onun təsis etdiyi jurnal, fondun həyata keçirdiyi müxtəlif layihə və proqramlar ölkəmizdə mədəniyyət və incəsənətin ümumi inkişafına müsbət təsirini göstərir. Əminəm ki, bu təyinatdan sonra həm Mehriban xanımın, həm də fondun fəaliyyəti beynəlxalq miqyasda daha çox nəzərə çarpacaqdır.
Bu gün mənim üçün ikiqat əlamətdardır. Çünki bu, yalnız Azərbaycan nümayəndəsinin YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülməsi deyil, həm də mənim xanımımın təltif olunmasıdır. Çox şadam ki, onun fəaliyyəti bu cür yüksək qiymətləndirilir və tanınır. Elə bilirəm ki, o, Xoşməramlı səfir adını daşımağa layiqdir. Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilibdir. Bu, onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcəkdir. Ümumi məqsədlərimiz isə bir-birimizi daha yaxından tanımaq, insanları, mədəniyyətləri tanıtmaq, müxtəlif xalqların və ölkələrin mədəniyyətlərindən bəhrələnməkdir.
Əminəm ki, Mehriban xanım bu vəzifəni səylə yerinə yetirəcək və bu vacib işdə uğurlar qazanacaqdır.
Bu fəxri adın verilməsinə görə YUNESKO-ya bir daha minnətdarlığımı bildirir, yeni səfiri təbrik edir və ona uğurlar arzulayıram.
X X X
Rəsmi hissədən sonra Mehriban xanım Əliyevaya Xoşməramlı səfir fəxri adı verilməsi münasibətilə qəbul təşkil edildi.
Daha sonra mərasim iştirakçıları Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş jurnalla, habelə xalqımızın adət və ənənələri, məişəti barədə məlumatları əks etdirən guşə ilə tanış oldular.