AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Əziz dostlar!
Əziz Slava!
Hörmətli cənab səfir!
Bu gün çox əlamətdar bir gündür. Bizim dostumuz Slava Rostropoviçin təşəbbüsü ilə Azərbaycanda vaksinasiyanın yeni mərhələsi başlayır. Bilirsiniz ki, Slava Rostropoviç bizim həmyerlimizdir. Azərbaycanın böyük dostudur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yaxın dostu idi və bu dostluğa daim sadiq olmuşdur.
Xatırlayırıq ki, xalqımızın ümummilli lideri dünyasını dəyişdikdən sonra Slava Bakıya gəlmişdi və onun xatirəsinə ithaf olunmuş kiçik konsert də vermişdi. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, həqiqətən, dostluğun ən yüksək zirvəsi idi.
Slava eyni zamanda, Azərbaycanda müxtəlif xeyriyyə məsələləri ilə məşğuldur. Onun rəhbərlik etdiyi Fondun xətti ilə Azərbaycanda çox böyük proqramlar həyata keçirilir. Onların içərisində vaksinasiya proqramı da çox önəmli yer tutur.
Həmişə olduğu kimi, bu gün də Slava öz sözünə sadiq qalaraq Bakıdadır. O, söz vermişdi ki, hər il Bakıya gələcək, hər il Bakıda konsert verəcək, gənc musiqiçilərlə məşğələlər keçirəcəkdir. Mən çox şadam ki, bu ənənə davam edir və Slavanın Azərbaycana etdiyi xidmətlər davam edir.
Burada qeyd olundu ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə iki il bundan əvvəl buna oxşar bir tədbir keçirilmişdir. Bu gün biz iki uşağın peyvənd olunmasında iştirak etdik. Bu proqram çox genişdir və gələcəkdə yüz minlərlə uşağı əhatə edəcəkdir. Bu, sağlamlıq deməkdir, Azərbaycanın gələcək nəslinin sağlam böyüməsi deməkdir. Xalqımız sağlam xalqdır. Fiziki cəhətdən sağlamdır. Amma bilirsiniz ki, müasir dövrdə yoluxucu xəstəliklər bütün dünyada böyük təhlükə mənbəyidir. O cümlədən Azərbaycanda da. Bu istiqamətdə ölkəmizdə böyük işlər görülübdür və çox şadam ki, artıq Azərbaycanda bir çox təhlükəli xəstəlik ləğv edilibdir, yoxdur.
Slavanın təşəbbüsü ilə aparılan bu işlər imkan verəcək ki, uşaqlarımız daha da sağlam olsunlar, Vətənimizdə daha da sağlam yeni nəsil yetişsin və xalqına xidmət etsin.
Mən sizin hamınızı bu gözəl mərasim münasibətilə bir daha ürəkdən təbrik edirəm. Dostumuz Slavaya öz dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun.
X X X
AZƏRBAYCANIN SƏHİYYƏ NAZİRİ ƏLİ İNSANOVUN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Çox hörmətli maestro Rostropoviç!
Hörmətli səfir və xanımı!
Çox hörmətli qonaqlar və həmkarlarım!
Bu gün mənim yadıma 1995-ci il aprelin 7-si düşür. Həmin gün xalqımızın ümummilli lideri cənab Heydər Əliyev Şamama Ələsgərova adına 5 nömrəli doğum evində Dünya Səhiyyə Təşkilatının mekakar əməliyyatına Azərbaycanı qoşaraq, poliomielit xəstəliyinə qarşı ilk vaksini yeni doğulmuş uşağa verdi və bütün ölkəni səfərbər edərək, iki il sonra Azərbaycanı bu ağır xəstəlikdən xilas etdi. İndi Azərbaycan Dünya Səhiyyə Təşkilatının poliomielitsiz ölkə sertifikatını almış ölkələrdən biridir.
İki il öncə Gepatit-B-yə qarşı “Qavi” təşkilatının vaksinasiya üçün göndərdiyi böyük humanitar yardımı maestro Rostropoviç Prezident Heydər Əliyevin iştirakı ilə Respublika Doğum Evində təqdim etdi. Çünki maestro Rostropoviç “Qavi” proqramının İcraiyyə Komitəsinin üzvüdür. 2001-ci ildən Azərbaycanda öz fəaliyyətinə başlamış və 2003-cü ildə rəsmən dövlət qeydiyyatından keçmiş bu təşkilat indiyədək ölkəmizə xeyli yardım gətirmişdir.
Bildiyiniz kimi, təşkilat Azərbaycana 191 soyuducu, 191 generator, 336 ədəd çanta və digər əşyalar gətirmişdir. Bundan başqa, üç il müddətində planlaşdırılmış vaksinasiya üçün bütövlükdə Vişnevskaya-Rostropoviç Fondu Azərbaycana 1 milyon 30 min dollar yardım etmişdir.
Bir neçə dəqiqə bundan öncə biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə növbəti il üçün yeni sənədə maestro ilə imza atdıq. Yəni bu Fond yaxın iki ildə də üç uşaq xəstəliyinə qarşı mübarizə aparmaq üçün Azərbaycana vaksinlər və şprislər gətirəcəkdir.
Möhtərəm Prezident, icazə verin, bütün həmkarlarım, valideynlər adından cənab Rostropoviçə dərin minnətdarlığımızı bildirək, etdiyi bu yardıma görə ona ürəyimizdən gələn xoş sözləri deyək, ona cansağlığı arzulayaq və xahiş edək ki, bütün həkimlərin salamını, təşəkkürlərini və Azərbaycana gəlmək barədə dəvətimizi Qalina xanıma çatdırsın.
Bildiyiniz kimi, təşkilatın iqamətgahı Vaşinqtonda yerləşir, o, təkcə Azərbaycana deyil, digər ölkələrə də yardım göstərir. Bu, həm də böyük dostumuz Amerika Birləşmiş Ştatlarının Azərbaycan səhiyyəsinə və xalqımızın sağlamlığına nə qədər böyük diqqət göstərdiyinin bir nümunəsidir. Hörmətli səfirin burada iştirak etməsi də bunun bariz göstəricisidir.
Hörmətli cənab Prezident, indi isə icazə verin, hörmətli qonağımızdan bir neçə söz deməsini xahiş edək.