RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bütün türk xalqına öz dərin hörmət və məhəbbətimi ifadə edirəm.
“Türkiyə-Azərbaycan qardaşlığı parkı” iki ölkə, iki xalq arasında olan münasibətləri əks etdirir. Bizim tariximiz, müştərək köklərimiz və bizim bu günümüz – bütün bunlar bir-biri ilə sıx bağlıdır. Türk və Azərbaycan xalqları əsrlər boyu bir-birinə çox sıx bağlı olmuşlar. Ancaq tarixin hökmünə görə, illər ərzində bir-birindən uzaq düşmüşlər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra biz yenidən bir-birimizə qovuşduq, bir-birimizlə yenidən təmasda oluruq. Bu gün bizim birliyimiz, bir-birimizə bağlılığımız həm xalqlarımız, dövlətlərimiz üçün və həm də bütün bölgə üçün çox böyük əhəmiyyət kəsb edir.
Bu gün açılışında iştirak etdiyimiz Bakı-Tbilisi-Ceyhan boru xəttinin ərsəyə gəlməsi də iki xalqın, iki ölkənin birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bizim gücümüz birliyimizdədir. Bu gün biz çox tarixi gün yaşadıq. Əsrlər boyu Azərbaycan xalqı və türk xalqı birlikdə yaşamağa meyil göstərmişdir. Bu gün biz bunu yaşayırıq. Bu gün bizim birgə fəaliyyətimizdən dünyada gedən proseslərə də təsir payı düşür. Bu gün bu gözəl gündə sizinlə bərabər olmağımdan çox böyük xoşbəxtlik hissi duyuram.
Bu parkda iki ulu insanın, türk dünyasının öndərlərinin heykəlləri qoyulmuşdur. Mustafa Kamal Atatürk, ulu öndərimiz müasir Türkiyənin qurucusudur, Türkiyənin xilaskarıdır və bu gün müasir Türkiyənin çox möhkəm inkişafı məhz Mustafa Kamal Atatürkün fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycana hakimiyyətə gələndə Azərbaycan faktik olaraq parçalanma ərəfəsində idi. Azərbaycan çox pis duruma düşmüşdü və ölkənin müqəddəratı çox qeyri-müəyyən idi. Onun fəaliyyəti nəticəsində Azərbaycan toparlandı, öz müstəqilliyini qoruyub saxlaya bildi və bu gün uğurla inkişaf edən ölkədir.
Bu gün Türkiyə və Azərbaycan dünyada öz mövqeylərini möhkəmləndirirlər. Türkiyə və Azərbaycan iqtisadi baxımdan öz imkanlarını artırırlar. Bizim birgə fəaliyyətimiz bizə fayda gətirir, xalqlarımıza fayda gətirir, bölgəyə sülh, sabitlik gətirir və bu gün bu gözəl gündə sizinlə bərabər olmaq mənim üçün çox böyük şərəf və xoşbəxtlikdir.
Əziz, doğma bacı-qardaşlarım, bu əziz gündə sizi bir daha ürəkdən salamlayıram. Hər bir Türkiyə vətəndaşına, xoşbəxtlik, səadət, cansağlığı, yeni–yeni uğurlar arzulayıram.
Yaşasın Türkiyə, yaşasın Azərbaycan!