AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
-Nazirlər Kabinetinin bugünkü geniş iclası doqquz ayın yekunlarına həsr edilibdir. Nazirlər Kabinetinin geniş iclasları Azərbaycanda artıq gözəl ənənəyə çevrilibdir. Biz hər rübdə bir dəfə görülən işlər haqqında hesabatları dinləyirik, görülən işlər təhlil edilir, gələcək planlar müzakirə edilir və eyni zamanda, bu iclaslar görülən işlər barədə bir növ xalqa verilən hesabatdır.
Mən hesab edirəm ki, bunun çox böyük əhəmiyyəti var. Çünki hökumətin, dövlətin fəaliyyəti daim xalqın nəzarəti altında olmalıdır. Bizim bütün işlərimiz çox açıq, şəffaf şəkildə aparılır. Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına, Azərbaycan dövlətinin möhkəmlənməsinə yönəldilibdir. Bir daha demək istəyirəm ki, hər üç aydan bir belə geniş müzakirənin aparılması böyük əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alsaq ki, hər üç ayda Azərbaycanda yeni hadisələr, çoxlu yeniliklər baş verir. Bizim uğurlu iqtisadi inkişafımız çox dinamikdir və hər üç aydan bir deməyə çox sözlərimiz var.
Son doqquz ay ərzində Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. Bizim iqtisadi artım sürətimiz, həmişəki kimi, çox yüksək olmuşdur və ümumi daxili məhsul doqquz ay ərzində 15 faiz artmışdır. Nəzərə alsaq ki, son dörd il ərzində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada birinci nömrəli ölkədir, bu, çox yüksək göstəricidir. Bizim iqtisadi inkişafımız çox sürətli olubdur və belə yüksək sürətin saxlanılması onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir.
Sənaye istehsalının artımı 12 faiz təşkil etmişdir, kənd təsərrüfatında artım 8 faizdən çox olmuşdur. Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək olmasıdır. İnflyasiya 21 faiz təşkil edir. Ancaq əhalinin pul gəlirləri 34 faiz təşkil edir. Yəni bir daha bunu göstərir ki, inflyasiyanın yüksək olması əhalinin pul gəlirlərinin daha da yüksək sürətlə olması ilə tənzimlənir. Ancaq, əlbəttə ki, biz növbəti illərdə də inflyasiyanın səviyyəsinə çox ciddi fikir verməliyik. Bunun müxtəlif səbəbləri var. Bu barədə çoxlu danışılıbdır. Həm dünyada gedən böhranlı hadisələr, həm enerji daşıyıcılarının qiymətlərinin qalxması və digər səbəblər. Hər halda, Azərbaycanda iqtisadi və sosial sahələrdə islahatların aparılması bu mənfi halı maksimum dərəcədə aşağı endirir.
Ancaq bir daha demək istəyirəm ki, biz bu məsələyə daim çox ciddi diqqət göstərməliyik və 2009-cu ildə inflyasiyanın daha da aşağı səviyyəyə salınması üçün çalışmalıyıq.
Ölkəmizdə sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Bu, bizim siyasətimizdir və bu ilin doqquz ayında bu siyasət özünü göstərmişdir. Son rübdə minimum əmək haqqı və minimum pensiyaların baza hissəsi artırılmışdır, çoxlu sosial təşəbbüslər irəli sürülmüşdür. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əməli-praktik tədbirlər görülmüşdür. Humanitar sahədə bizim bütün planlarımız icra edilir, məktəblər, yeni xəstəxanalar tikilir. Yəni insanların yaxşı yaşaması üçün, rifah halının yaxşılaşdırılması üçün bütün lazımi tədbirlər görülür.
Bizim büdcəmizdə də sosial məsələlərin həllinə kifayət qədər çox vəsait nəzərdə tutulmuşdur və ölkənin qarşısında duran sosial məsələlərin həllində biz o vəsaitdən istifadə edirik. İnfrastruktur layihələrin icrası bütün istiqamətlərdə davam etdirilmişdir. Bizim, ilin əvvəlində, 2008-ci il üçün nəzərdə tutduğumuz bütün tədbirlər icra edilir və nəhəng infrastruktur layihələri - nəqliyyat, energetika, tikinti və digər sahələri əhatə edən infrastruktur layihələri icra olunur. Bu, ölkəmizi böyük dərəcədə gücləndirən amildir. Ölkəmizin bundan sonra uzun müddət ərzində dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına böyük təkan verir. Çünki güclü infrastruktura malik ölkələr, əlbəttə, bu imkanlardan geniş istifadə edirlər. Azərbaycanda son illər ərzində bu sahəyə çox böyük vəsait qoyulmuşdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuşdur. Biz bunun gözəl nəticələrini bu gün görürük. Çoxlu elektrik stansiyaları tikilib, qaz xətləri çəkilib, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülübdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı - bütün bunların inkişafı göz qabağındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, nəhəng transmilli layihələrlə tamamlanır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi bunun çox bariz nümunəsidir. Mən çox şadam ki, bu layihə indi uğurla icra edilir və heç şübhə yoxdur ki, layihə vaxtlı-vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacaqdır.
Son doqquz ayda regionların inkişafı sürətlə getmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatıb və mənim rayonlara son səfərlərim bunu bir daha əyani şəkildə göstərir. Regionlarda nə qədər böyük işlər görülüb, rayonlarımızın siması dəyişibdir. Çox gözəl layihələr icra olunur - həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr. Rayonlarımızın iqtisadi artımı da çox yüksək sürətlə ölçülür. Son beş il ərzində əksər rayonların iqtisadiyyatı 2 dəfədən çox artıbdır. İlk növbədə, bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı olmuşdur. Yəni, bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq, demək olar ki, çoxşaxəlidir.
Biz gələcək illərdə bu məsələyə daha da böyük diqqət göstərəcəyik. Həm dövlət qayğısı göstəriləcək, həm kreditlər veriləcək, həm də digər tədbirlər nəticəsində bölgələrdə inkişaf daha da sürətlə gedəcəkdir. Amma bu gün əldə edilmiş nailiyyətlər bizi sevindirməyə bilməz. Çünki, bu, doğrudan da böyük irəliləyişdir, tərəqqidir və bu inkişaf hər bir bölgədə, hər bir rayonda özünü büruzə verir. Əlbəttə ki, növbəti illər üçün regionların inkişafına dair proqram qəbul ediləcək və o proqramda vacib olan bütün məsələlər öz əksini tapacaqdır.
Son üç ay ərzində energetika və neft-qaz sektorunda işlərimiz çox uğurlu aparılmışdır. Baxmayaraq ki, bölgədə yaranmış böhranlı vəziyyət bizim iqtisadi maraqlarımıza ziyan vurmuşdur, ancaq, Azərbaycan dövləti və xalqı bunu hiss etmədi. Yəni, bu, insanların gündəlik həyatında özünü göstərmədi. Düzdür, Azərbaycanın ixrac imkanları qısa müddət müəyyən dərəcədə məhdudlaşmışdı, ancaq, bizim çevik hərəkətlərimiz və mövcud olan bütün infrastruktur layihələrimiz və artıq güclü imkanlarımız yol verdi ki, biz bu vəziyyətdən minimum itkilərlə çıxaq. Bu, bir daha onu göstərdi ki, bizim həm güclü iqtisadi imkanlarımız var, həm çox güclü siyasi sistem mövcuddur və həm də Azərbaycanda dövlətçilik prinsipləri çox möhkəmdir. Yəni, hətta bizim ərazimizin, hüdudlarımızın yaxınlığında yaşanan böhranlı vəziyyət bizə təsir etmədi. Bu, bir daha onu göstərir ki, apardığımız siyasət düzgün siyasətdir və biz yalnız və yalnız daxili resurslara istinad edərək ölkəmizi inkişaf etdiririk. Azərbaycanda artıq çox güclü sənaye potensialı, çox güclü infrastruktur yaradılıbdır. İqtisadiyyat şaxələndirilir və beləliklə, istənilən böhranlı vəziyyət Azərbaycana az təsir edir.
Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatçılıq var. Bu narahatçılığı həm dövlət və hökumət nümayəndələri, həm adi vətəndaşlar ifadə edirlər, həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşübdür və böyük maliyyə qurumları artıq dövlət nəzarəti altına keçirlər. Yəni, bütün bunlar çox narahatedici hadisələrdir. Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir.
Əlbəttə, biz indi belə yüksək sürətlə inkişaf etdiyimizə görə dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edirik və bu inteqrasiya özünü bütün sahələrdə göstərir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq buna baxmayaraq, biz öz siyasətimizi elə aparmalıyıq və aparırıq ki, istənilən iqtisadi, yaxud da siyasi böhran Azərbaycana təsir etməsin və buna nail olmuşuq. Həm siyasi böhran, həm də iqtisadi böhran - bütün dünyanı silkələyən bu böhranlar Azərbaycana heç bir təsir göstərmədi, biz ölkəmizi qorumuşuq və bundan sonra da qoruyacağıq.
Bir daha demək istəyirəm ki, biz ancaq və ancaq öz gücümüzə istinad edirik, öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq. Ölkəmizi bundan sonra da müstəqil yolla idarə edəcəyik, müstəqil siyasətimizi bundan sonra daha da gücləndirəcəyik. Bu hadisələr bir daha onu göstərir ki, bizim siyasətimiz nə dərəcədə düzgün olubdur. Siyasətimizə müəyyən mərhələlərdə, müəyyən dövrlərdə qısqanclıqla, paxıllıqla baxan, yaxud da bizim siyasətimizi dərindən dərk etməyən dairələr bizi tənqid etməyə çalışmışlar ki, Azərbaycanda müəyyən islahatlar ləng gedir, Azərbaycanda çatışmazlıqlar var. İndi hər kəs hər şeyi görür, harada çatışmazlıqlar var, harada ölkə uğurla inkişaf edir. Bizim uğurumuz dörd il ərzində dünyada iqtisadi inkişaf artımına görə birinci olmağımızdır. Bizim uğurumuz Azərbaycanda sabitliyin bu böhranlı vəziyyətdə daha da sabitləşməsidir. Bizim uğurumuz Dünya Bankı tərəfindən Azərbaycanın bir nömrəli islahatçı ölkə kimi tanınmasıdır. Bizim uğurumuz insanların rahat, təhlükəsizlik şəraitində yaşamasıdır. Bizim uğurumuz əmanətlərin etibarlı şəkildə qorunmasıdır. Budur reallıq. Çox söz demək olar, ancaq reallıq onu göstərir ki, kim haqlıdır və kimin siyasəti düzgündür. Bax, bizim müstəqil siyasətimiz, çox cəsarətli addımlarımız bu gün Azərbaycanı böyük bəlalardan xilas etdi, qorudu və bir daha onu göstərdi ki, Azərbaycanda aparılan siyasət yeganə düzgün siyasətdir.
Əlbəttə, biz bu gün iclasda iqtisadi və sosial məsələlərin həlli ilə məşğul olacağıq və bu, iclasın ənənəvi mövzularıdır. Ancaq iqtisadi inkişaf sosial məsələlərin həlli kontekstindən çıxarılıb ayrıca müzakirə edilə bilməz. Biz dünyada gedən hadisələri izləyirik, öz siyasətimizi aparırıq və aparacağıq. Əlbəttə ki, Azərbaycanın artan iqtisadi imkanları bizim beynəlxalq mövqelərimizi də möhkəmləndirir. Bizdə baş verən hadisələr bölgəyə təsir edir və Azərbaycanın rolu, imkanları bundan sonra daha da artacaqdır. Çünki hər kəs gördü ki, Azərbaycan artıq regional amilə çevrilibdir. Azərbaycan regionda sabitləşdirici rolunu oynayır, biz həm öz imkanlarımızı ortaya qoyaraq, həm də beynəlxalq layihələrdə təşəbbüskar kimi çıxış edərək regionun uğurlu inkişafını təmin edəcəyik. Biz regionda əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə veririk və bu siyasəti bundan sonra da aparacağıq.
Bununla bərabər, biz ölkə qarşısında duran başqa vəzifələri uğurla icra etməliyik. Biz ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstəririk və bundan sonra daha da böyük diqqət göstərəcəyik. Bu, bir daha onu göstərir ki, son beş il ərzində bu istiqamətdə apardığımız siyasət düzgün siyasət olmuşdur. Bizi bəzi dairələr, xarici təşkilatlar günahlandırmaq istəyirlər ki, Azərbaycan nə üçün öz hərbi potensialını gücləndirir, nə üçün ordu quruculuğuna bu qədər vəsait sərf edir. Birincisi, bu, bizim suveren hüququmuzdur. Biz öz pullarımızı xərcləyirik, heç kimdən nə borc alırıq, nə də yardım alırıq və heç vaxt da almamışıq. Biz Azərbaycan xalqının istedadının məhsulu olan milli gəliri müxtəlif sahələrə yönəldirik.
İqtisadi xərclər, infrastruktur xərcləri - bütün dövlət xərcləri, sosial məsələlərin həllinə yönəldilən xərclər Azərbaycanı möhkəmləndirir. Ancaq biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, ilk növbədə, biz hərbi potensialımızı gücləndirməliyik. Bunu uğurla etmişik. Son beş il ərzində Azərbaycanın hərbi gücü böyük dərəcədə artıbdır. Ordu quruculuğu prosesinə bundan sonra da ən əsas diqqət göstəriləcəkdir. Mən hesab edirəm ki, indi olduğu kimi, bundan sonrakı illərdə də büdcə xərclərinin ən böyük hissəsi ordu quruculuğuna və hərbi gücümüzün artırılmasına yönəldilməlidir.
Biz müharibə şəraitində yaşayırıq. Hələ müharibə bitməyib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir. Danışıqlarda müəyyən irəliləyişlər olsa da, nəticə yoxdur. Bəzi ümidverici təkliflər səslənir, bəzi təşəbbüslər irəli sürülür. Biz bu təklifləri təhlil etməyə hazırıq, bunu edirik. Ancaq o da reallıqdır ki, məsələnin həlli çox uzanıbdır. Azərbaycanın artan iqtisadi, siyasi və hərbi potensialı, əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi daha da gücləndirir. Regionda baş verən hadisələr və regionda bizim oynadığımız rol Azərbaycanın mövqelərini gücləndirir. Çox sevindirici haldır ki, artıq Azərbaycanın ərazi bütövlüyü məsələləri heç kimdə şübhə doğurmur. Həm beynəlxalq təşkilatlar, həm də məsələ ilə məşğul olan qüvvələr bunu tam şəkildə bəyan edirlər. Yəni, bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz, sadəcə olaraq, hələ ki, danışıqların aparılmasına ehtiyac duyuruq. Hesab edirik ki, ola bilər, reallıq qarşı tərəfi də bir az hərəkətə gətirsin və qarşı tərəf nəhayət, anlasın ki, bu vəziyyətdə onların normal inkişafı mümkün ola bilməz. Bizim isə siyasətimiz tam açıqdır, birmənalıdır və dəyişməz olaraq qalır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bu, tarixən belə olubdur. Beynəlxalq hüquq normaları bunu təsdiqləyir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər, işğalçı qüvvələr işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları həmin bölgələrə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın hüquqi statusu müzakirə oluna bilər. Biz bu müzakirəyə hazırıq. Ancaq bir şərtlə ki, bu status yalnız Azərbaycanın ərazi bütövlüyü ilə müəyyən oluna bilər. Azərbaycan başqa heç bir varianta getməyəcəkdir.
Bir daha demək istəyirəm, - əgər daha zəif vəziyyətdə Azərbaycanı bizə sərf etməyən razılaşmaya heç kim məcbur edə bilməyibsə, bu gün Azərbaycanın güclü vəziyyətdə olduğunu hamı nəzərə almalıdır. Azərbaycanın iqtisadi, siyasi gücünü hamı nəzərə almalıdır. Azərbaycanın regionun aparıcı ölkəsi olduğunu hamı nəzərə almalıdır və danışıqlar mövzusunda bununla bağlı müəyyən düzəlişlər aparılmalıdır.
Yenə də demək istəyirəm ki, bu gün biz daha çox iqtisadi və sosial məsələlərin həlli ilə məşğul olacağıq, doqquz ayın yekunları müzakirə ediləcək və müzakirədən sonra mən iclasa yekun vuracağam.
İndi isə söz vergilər naziri Fazil Məmmədova verilir.
X X X
Vergilər naziri FAZİL MƏMMƏDOV bildirdi ki, bu ilin doqquz ayı ölkədə aparılan vergi siyasəti baxımından da uğurlu olubdur. Yanvar-sentyabr aylarında dövlət və icmal büdcələri artıbdır. Azərbaycanın maliyyə mənbələri güclənib, valyuta ehtiyatlarının həcmi də əvvəlki dövrlərə nisbətən xeyli çoxalıbdır. Belə ki, ilin əvvəli ilə müqayisədə, bu göstərici 10,3 milyard ABŞ dolları və ya 2,4 dəfə artaraq, 17 milyard dollara çatmışdır.
Nazir dedi:
-Əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması sahəsində apardığınız sosial-iqtisadi siyasətin nəticəsi olaraq, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq əmək haqqı 23,1 faiz, əhalinin adambaşına düşən gəlirləri 34,1 faiz artmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra, əhalinin sərəncamında qalan vəsait 2007-ci ilin müvafiq dövründəkindən 36,9 faiz çox olmuşdur. Bu rəqəmlər ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi meylinin güclənməsinin birbaşa göstəricisidir. Əhalinin pul gəlirlərinin artım sürəti mövcud qiymət artımını 12,6 faiz üstələmişdir.
Ölkə əhalisinin pul gəlirlərinin, alıcılıq qabiliyyətinin yüksəlməsi vətəndaşların banklardakı əmanətlərinin məbləğinin ötən ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 29,7 faiz artmasında da özünü göstərmişdir.
Bu ilin doqquz ayında vergi daxilolmalarında da ciddi artım müşahidə olunubdur. Bank sektoru üzrə ümumi daxilolmalar 2 dəfə, xidmət sektoru üzrə isə 22,8 faiz artmışdır.
Ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Bu dövrdə daxili sərmayələr xarici investisiyaları üstələyibdir. Bu ilin doqquz ayında əsas kapitala yönəldilən daxili investisiyalar 77,6 faiz çox olubdur. Bütün bunlar da dövlət büdcəsində ciddi artım dinamikası ilə müşayiət edilibdir.
2008-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 7 milyard 421 milyon manat proqnoza qarşı 7 milyard 506,6 milyon manat və ya 101,2 faiz icra olunmuşdur. Bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 123,2 milyon manat və ya 71,3 faiz çoxdur.
Büdcə daxilolmalarının 57,9 faizi və ya 4 milyard 346,5 milyon manatı Vergilər Nazirliyi, 11,3 faizi və ya 845,5 milyon manatı Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 29,2 faizi və ya 2 milyard 190 milyon manatı Dövlət Neft Fondundan, 1,6 faizi və ya 124,6 milyon manatı isə digər mənbələrdən daxil olmuşdur.
2008-ci ilin doqquz ayı ərzində təkcə qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 737 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 566,8 milyon manat və ya 48,4 faiz çoxdur. Dövlət Neft Şirkətinin vergiləri, neft konsorsiumlarının ödədiyi mənfəət vergisi və subpodratçıların ödədiyi vergilər, habelə dövlət sektorunun ödədiyi vergilər nəzərə alınmadan belə, bu sektordan vergi daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə və ya 551,4 milyon manat artmışdır.
Nəticədə qeyri-neft sektorundan vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2008-ci ildə 17,6 faizə qədər artmışdır.
Büdcəyə ödənilmiş vergilərin artımı son beş ildə sənayedə 4, maşın və avadanlıqların istehsalında 45,9, ticarət sahəsində 20, xidmət sahəsində 17, bank və sığorta fəaliyyətində 12, geyim istehsalında 14, mehmanxana fəaliyyətində 4,1 dəfə təşkil etmişdir. Bütün ölkə ərazisində aparılan çox möhtəşəm tikinti və quruculuq işlərinin nəticəsidir ki, tikinti sektorundan daxilolmalar 7 dəfə artmış və təkcə 2008-ci ilin doqquz ayı ərzində bu sektordan 330,3 milyon manat vergi hesablanmışdır.
2008-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 7 milyard 876,6 milyon manat proqnoza qarşı 6 milyard 719,2 milyon manat və ya 85,3 faiz icra olunmuşdur ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 milyard 733,3 milyon manat və ya 68,6 faiz çoxdur.
Sahibkarlığa dövlət qayğısının nəticəsi olaraq, faktik fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 2003-cü ildəki 93 mindən 2008-ci ildə 200 minə qədər artmış, 92 mindən çox sahibkar öz vergi bəyannamələrinin təqdim olunmasında və vergi ödənişlərində elektron xidmətlərdən istifadə etməyə başlamışdır.
İnformasiya resurslarının imkanlarından istifadə etməklə 2008-ci ilin doqquz ayı ərzində 689,8 milyon manat vəsaitin büdcədən yayındırılmasının qarşısı alınmışdır ki, bu da büdcəyə təmin olunmuş ümumi daxilolmanın 15,7 faizini təşkil edir.
X X X
Təhsil naziri MİSİR MƏRDANOV bu ilin doqquz ayında əldə olunmuş uğurlardan danışarkən bildirdi ki, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər yüksək səviyyədə başa çatdırılmışdır. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq, “100 ən yaxşı müəllim” və “50 ən yaxşı məktəb” müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmiş, müəllimlərin maaşları, tələbə və aspirantların təqaüdləri artırılmışdır. Təhsillə bağlı dövlət proqramlarının icrası da davam etdirilir. Bu dövrdə Azərbaycan müəllimlərinin XII qurultayı keçirilmiş, Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlamışdır. Məktəblərin və uşaq bağçalarının tikintisi, habelə əsaslı təmiri və yenidənqurulması davam etdirilmişdir. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanları da genişləndirilmişdir.
Nazir dedi:
-İndi daha çox təhsilin keyfiyyətinin cəmiyyətin tələbinə uyğun yüksəldilməsi məqsədi ilə təlim texnologiyalarının və məzmunun yeniləşdirilməsinə ciddi ehtiyac yaranmışdır.
Bu istiqamətdə bir neçə il bundan əvvəl başladığımız islahatların nəticəsi olaraq, cari dərs ilindən ölkənin bütün birinci siniflərində yeni təhsil proqramları tətbiq olunmuş, bu günədək mövcud olmuş, daha çox «yaddaşa», «hafizəyə» əsaslanan təhsil modelindən tədricən imtina edilməklə, birbaşa təhsil alanların inkişafına, onlarda həyati və tətbiqi bacarıqların formalaşmasına yönəlmiş «təfəkkür və düşüncə məktəbi»nə keçilməklə ümumi təhsilin müasir modelinin əsası qoyulmuşdur. Bu proqramlar təlimin hər bir şagirdin maraq, meyil və qabiliyyətinə uyğun təşkilinə şərait yaratmaqla şəxsiyyətyönümlü, tələbyönümlü, nəticəyönümlü və inkişafyönümlü xarakter daşıyır.
Bu dərs ili həm də təhsil tariximizdə yeni təhsil proqramları əsasında birinci siniflər üçün hazırlanmış dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərindən ibarət komplektlərin tətbiqi ilə yadda qalacaqdır.
Məlumdur ki, indiki vaxtda bir və ya bir neçə xarici dil bilmək həyati tələbata çevrilmişdir. Təəssüf ki, uzun müddət ümumtəhsil məktəblərində xarici dillərin tədrisi şagirdlərdə nitq bacarıqlarının formalaşdırılmasından daha çox qrammatik qaydaların mənimsədilməsinə istiqamətlənmişdir. Bu yanlış təcrübənin aradan qaldırılması məqsədi ilə hazırda məktəblərdə xarici dillərin intensiv tədrisi, təlimin kommunikativ yanaşma əsasında qurulması, müəllimlərin ixtisasının artırılması istiqamətində yeni layihə həyata keçirilir.
Sizin rəhbərliyinizlə, cənab Prezident, dərslik yaradıcılığı sahəsində böyük nailiyyətlər əldə edilmiş, 2003-2008-ci illərdə ümumilikdə 30 milyon nüsxə dərslik çap edilmişdir. O cümlədən cari ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün vəsait pulsuz olaraq məktəblərə çatdırılmışdır. Növbəti ildə dərslik komplektlərinin yaradılması işlərinin davam etdirilməsi, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi, 135 adda dərslik və müəllimlər üçün vəsaitlərin çap olunub məktəblərə çatdırılması nəzərdə tutulmuşdur.
Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilmiş, 19 adda xəritə, Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda tədris-əyani vəsaitlər hazırlanaraq məktəblərə verilmişdir.
Yeni məzmun qiymətləndirmə sistemində də islahatların aparılmasını zəruri etmişdir. Müasir dövrdə təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə verilən qiymət kimi qəbul olunur. Məhz inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq, 2006-cı ildən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına başlanmış, cari dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərində həmin formanın tətbiqi nəzərdə tutulmuşdur.
Ali məktəb sistemində də uğurlara nail olunub. Ali məktəblərə qəbulda 600-dən çox bal toplayanların sayı artıb. Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı həyata keçirilən layihə isə uğurla davam etdirilir.
Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini davam etdirir. Onlardan 1000 nəfəri dövlət hesabına təhsil alır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət proqramına əsasən, 200-dən çox tələbə dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirir.
Ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı da ilbəil artır. Əgər 2003-cü ildə ali məktəblərimizdə 1850 nəfər əcnəbi tələbə təhsil alırdısa, hazırda onların sayı 6500 nəfəri keçmişdir. Düşünürəm ki, bu son hədd deyildir. Ali məktəblərimizdə təhsilin keyfiyyətini yüksəltmək, müvafiq şəraiti olan laboratoriya və yataqxanalar yaratmaqla xaricdən tələbə qəbulunu artırmaq olar ki, bu da ölkəmizə daha çox maliyyə resurslarının cəlbinə imkan verər.
X X X
Səhiyyə naziri OQTAY ŞİRƏLİYEV əsas diqqəti ölkəmizdə səhiyyə sahəsində islahatların aparılmasına, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı görülən işlərə, qazanılmış uğurlara cəlb etdi. Bu ilin ötən doqquz ayında respublikada mövcud olan xəstəxanaların və müxtəlif təyinatlı tibb ocaqlarının yenidən qurulması ilə bağlı görülən işləri xüsusi vurğuladı. Səhiyyə naziri dedi:
-Maliyyə vəsaitinin artırılması tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, onların tibb avadanlığı və dərman vasitələri ilə təchizatının yaxşılaşmasına imkan vermişdir.
Xəstələrin qida ilə təminatı məsələsi də həll olunur. Belə ki, ötən ildən başlayaraq, Bakı şəhərində və ətraf qəsəbələrdə yerləşən bütün xəstəxanalar mərkəzləşdirilmiş mətbəxlərdən gündə 3 dəfə tibb standartlarına uyğun keyfiyyətli yeməklə təmin edilir.
Görülmüş tədbirlər nəticəsində, indi dövlət tibb müəssisələrinə etibar artıb, müraciətlərin sayı çoxalıbdır. Keçən ilə nisbətən, bu ilin doqquz ayı ərzində ölkə üzrə xəstəxanalara müraciətlərin sayı 39 min, təcili yardım çağırışlarının sayı 21 min, ambulator gəlişlərin sayı 112 min artmışdır.
Səhiyyəyə ayrılan maliyyə vəsaitinin artırılması çox önəmli bir addımı atmağa imkan verdi. Cənab Prezident, Sizin təşəbbüsünüzlə bu il fevralın 1-dən etibarən, Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu tibbi xidmət ləğv edilmişdir. Bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli bir addımdır.
Büdcədən səhiyyəyə ayrılan məbləğin böyük bir qismi konkret proqramların tətbiqinə yönəldilibdir. Onların əksəriyyəti həyatlаrı məhz dərmandan və tibbi yardımdan asılı olan ən ağır xəstələr kontingentini əhatə edir.
Keçən ildən etibarən bütün onkoloji xəstələrin müalicəsi ilə bağlı proqramın tətbiqinə başlanmışdır. Əvvəllər aylarla, illərlə bahalı dərman almaq məcburiyyətində qalan insanlar, indi şiş əleyhinə həyati vacib preparatlarla tam həcmdə dövlət hesabına təmin olunurlar. Bu da onkoloji xəstələrin ömrünün uzanmasına, həyat keyfiyyətinin yaxşılaşmasına imkan yaradır.
Daha bir ciddi problem xroniki böyrək çatışmazlığıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların əksəriyyəti son zamanlara qədər, demək olar ki, ölümə məhkum idi. Hazırda bu xəstələrin 95 faizinin hemodializlə bağlı bütün xərclərini dövlət öz üzərinə götürübdür.
Ölkənin müxtəlif regionlarında yaradılmış 16 ən müasir müalicə-diaqnostika mərkəzinin hər birində hemodializ müalicəsi nəzərdə tutulmuşdur. İstifadəyə verildikdən sonra həmin müəssisələrdə də xəstələr dövlət hesabına müalicə olunacaqlar. Hazırda həmin mərkəzlərin 8-i fəaliyyətdədir və ölkənin o regionlarından insanlar müalicə üçün Bakıya gəlmək məcburiyyətindən azad olublar.
Nəhayət, həmin problemin ən müasir səviyyədə birmənalı həlli üçün ölkə Prezidentinin Ehtiyat Fondundan Respublika Uroloji Xəstəxanasına 15,7 milyon manat vəsait ayrılıbdır. Xəstəxananın əsaslı təmiri və lazımi tibbi cihazlarla təchizatı başa çatdıqdan sonra Azərbaycanda da Böyrəkköçürmə Mərkəzi fəaliyyətə başlayacaqdır.
Digər bir ciddi problem - irsi qan xəstəliyi olan insanların müalicəsi məsələsi də praktik olaraq həll edilibdir. Dövlət belə xəstələri müalicə üçün tələb olunan bahalı preparatlarla tam təmin edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən və bu günlərdə başa çatdırılacaq Talassemiya Mərkəzi istifadəyə verildikdən sonra isə bu problem ən müasir diaqnostika və müalicə vasitələri səviyyəsində həll olunacaqdır.
İrsi qan xəstəliyi olanlar üçün çox böyük əhəmiyyət daşıyan, vaxtilə ciddi problem olan donor qanı məsələsi də artıq həll edilibdir. İndi xəstələrin donor qanına və qan komponentlərinə olan tələbatı tam ödənilir. Donor qanı ilə bağlı daha bir mühüm məsələyə - qanın təhlükəsizliyinə də çox ciddi nəzarət olunur. Bütövlükdə, ölkədə tədarük edilən qan mərkəzləşdirilmiş şəkildə yoxlanılır və bununla da qanla ötürülən xəstəliklərin yayılmasının qarşısı alınır.
Bu dövrdə ana və uşaq sağlamlığının qorunması da diqqət mərkəzində olmuşdur. Uşaqlar üçün nəzərdə tutulan sağlamlıq kartlarının paylanması işi davam etdirilir. Bu kartlardа körpələr haqqında bütün önəmli informasiyalar toplanır. Uşaq hansı tibb müəssisəsində - doğum evi, poliklinika, xəstəxanada olmasından asılı olmayaraq, onun xəstəlikləri, genetik problemləri, müayinələrinin nəticələri, peyvəndləri və sair barədə məlumatlar bu kartlara qeyd edilir. 2008-ci ilin sonunadək respublikanın bütün uşaq tibb müəssisələri bu sistemlə əhatə ediləcəkdir.
“Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində də əhəmiyyətli irəliləyişə nail olunubdur. İmmunlaşma tədbirləri nəticəsində bir sıra infeksion xəstəliklərə yoluxma halları əhəmiyyətli dərəcədə azalıb, digərləri isə ümumiyyətlə qeydə alınmayıbdır. Məsələn, bir-iki il bundan əvvəl az qala epidemiya şəkli almış məxmərək ötən il 205 dəfə azalıb, bu il isə ümumiyyətlə qeydə alınmayıbdır. Qızılca isə 1238 haldan 4 haladək enibdir.
Diqqət mərkəzində olan, ən geniş yayılmış xəstəliklərdən biri də şəkərli diabetdir. Hazırda belə xəstələr nəinki lazımi dərmanlarla pulsuz təmin olunurlar, indi həm də onların hər birinə diabet xəstəsi üçün çox vacib olan qlükometrlər də paylanır.
Ölkə səhiyyəsində inkişafdan danışarkən təcili tibbi yardım sistemi xüsusi vurğulanmalıdır. Bu sistemin səmərəli fəaliyyəti iki əsas komponentdən asılıdır. Birincisi, ilkin təcili tibbi xidmət xəstəyə çox qısa vaxtda çatdırılmalıdır. İkincisi isə, хəstə müasir səviyyəli stasionar xidməti ilə təmin olunmalıdır.
Bu məqsədlə ayrılan maliyyə vəsaiti paytaxtın təcili yardım xidməti üçün ən müasir avadanlıqlarla təchiz edilmiş tibbi nəqliyyat vasitələri alınmasına, rabitə sistemi qurulmasına imkan yaratdı. Hazırda Azərbaycanın regionları üçün də belə maşınlar alınıb və artıq paylanmağa başlanıbdır.
Nazir onu da bildirdi ki, ötən doqquz ayda ölkədəki bütün apteklərin fəaliyyəti pasportlaşdırılıb. Əhalinin keyfiyyətli dərman preparatları ilə təmin olunması istiqamətində ciddi tədbirlər görülübdür.
X X X
Dövlət Sosial Müdafiə Fondunun sədri SƏLİM MÜSLÜMOV çıxışında bildirdi ki, bu ilin doqquz ayında sığorta-pensiya sisteminin yenidən qurulması, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində olmuşdur. Fondun sədri dedi:
-Dövlət Sosial Müdafiə Fondunun 2008-ci ilin yanvar-sentyabr aylarında gəlirləri 959 milyon manat olmuş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artmışdır. Gəlir proqnozu qeyri-büdcə təşkilatları üzrə 100,1 faiz icra olunmuşdur.
Sosial sığorta haqları üzrə gəlirlər 2007-ci ilin doqquz ayına nisbətən 31 faiz artaraq 623 milyon manata çatmışdır ki, bunun da 59 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatlardan daxilolmalar həmin dövrə nisbətən 29 faiz artmışdır.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosal sığortaya cəlb edilməsi gücləndirilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 78 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 95 faiz artmışdır.
Yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi əsasında qeydiyyatının təşkili ilə bağlı cari ilin doqquz ayında qeydə alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən sürətlə artmışdır. İlin ilk altı ayı ərzində bu artım 75 min nəfər olmuş və sığortaolunanların sayı hazırda 1 milyon 800 min nəfəri ötmüşdür.
İlkin məlumatlara əsasən, 2008-ci ilin ötən doqquz ayında Fondun xərcləri 980 milyon manat təşkil etmişdir. Bu vəsaitin 97 faizi və ya 949 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 37 faiz çoxdur.
Bütün xərclərin 924 milyon manatını və ya 97 faizini pensiya ödəmələri təşkil etmişdir.
Yaşa görə əmək pensiyasının baza hissəsi 2008-ci il yanvarın 1-dən 60 manata, sentyabrın 1-dən isə 75 manata çatdırılmış, yəni təkcə bir il ərzində 50 faiz artırılmışdır. Bu, MDB-də pensiyaların məbləği nisbətən yüksək olan ilk 5 dövlət arasında ən yuxarı artımdır və həmin göstərici üzrə ikinci yerdə olan Belarusdakı artımdan 2,5 dəfə çoxdur. Bundan əlavə, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Sərəncamınızla bütün pensiyaçıların 47 faizinin pensiyasının sığorta hissəsinə 16,7 faizlik artım tətbiq edilmişdir.
Əvvəlki pensiya sisteminin pensiyaçıların ayrı-ayrı qrupları arasında yaratdığı sosial ədalətsizliyin aradan qaldırılması barədə tapşırıqlarınızın icrası davam etdirilmişdir. Bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, 90 min nəfərdən artıq pensiyaçının əvvəllər əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış əmək pensiyası məhdudiyyət götürülməklə yenidən hesablanmış və orta hesabla 24 manat artırılmışdır.
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarında baş vermiş artımlarla bağlı bu qəbildən olan şəxslərin pensiyaları orta hesabla 75 manat artmışdır. Dövlət qulluqçularının məvaciblərinin artırılması barədəki Sərəncamınıza uyğun olaraq, göstərilən kateqoriyadan olan 8500 nəfərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılmış və praktikada ilk dəfə bu artımlar barədə pensiyaçıların fərdi məlumatlandırılması sistemi tətbiq olunmuşdur.
Bütün bu artımlardan sonra pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan aylıq vəsaitin həcmi hazırda 120 milyon manata çatmışdır ki, bu da ilin əvvəli ilə müqayisədə 46 faiz və ya 38 milyon manat çoxdur.
Səlim Müslümov onu da bildirdi ki, ötən doqquz ayda aztəminatlı insanların pensiya təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüşdür. Son beş ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən əhaliyə ödənişlər 4,6 dəfə artaraq 1 milyard 349 milyon manata çatmışdır.
X X X
Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.
######
![]() |
![]() |
![]() |


