RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Qusar, 16 fevral (AZƏRTAC). Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusar rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunmuş, geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.