AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ
BALAKƏN RAYONU
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Şəki-Zaqatala bölgəsinə səfərə getmişdir.
Əvvəlcə Balakən rayonuna gələn dövlətimizin başçısı rayon mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etdi. Postamentlə birlikdə hündürlüyü 14 metr olan tunc heykəlin müəllifləri Akif Əsgərov və Cəlil Hüseynovdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular, parkı seyr etdilər.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin ən səfalı guşəsində - Balakən çayının sahilində yerləşir. 24 hektar sahəsi olan parkda geniş yaşıllıq işləri aparılmış, 4 mindən çox ağac, 5 minə yaxın dekorativ gül və kol əkilmişdir. Parkın ən hündür yerində ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmışdır. Parkın ərazisində Heydər Əliyev muzeyi, veteranlar evi, nikah evi, xidmət obyektləri tikilmiş, fəvvarə, yelləncəklər, karusellər quraşdırılmışdır. Ərazidə respublikada oxşarı olmayan 1200 metrlik kanat yolu inşa edilmişdir. Altı kabinəli buraz yolundan saatda 216 nəfər istifadə edə bilər. Yolun texniki avadanlığı Avstriyadan alınıb, qurğuya xidmət tam kompyuterləşdirilmişdir.
Parkda tikilmiş beşmərtəbəli mehmanxana binasında isə son tamamlanma işləri aparılır.
Parkın qarşısındakı meydanda 72 metr hündürlükdə Azərbaycanın dövlət bayrağı dalğalanır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidə kompleksinin yanından kanat yolu ilə parkın aşağı hissəsinə düşdülər.
######
![]() |
![]() |
![]() |


