AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ GÖRÜŞÜ
Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Prezident sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, qlobal enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə bağlı tədbirlərin nəzərdə tutulan qaydada reallaşdığı vurğulanmışdır. Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivinin də razılıq doğurduğu, iqtisadi əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndiyi və səmərəli işbirliyi xarakteri daşıdığı bildirilmişdir. Azərbaycanla Türkiyənin beynəlxalq təşkilatlarda əməkdaşlığının uğurla inkişaf etdiyi və xalqlarımızın milli mənafeyinə tam cavab verdiyi razılıqla vurğulanmışdır.