AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Qazaxıstan Prezidentinin Almatıdakı sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.
Dövlət başçıları hər iki ölkənin beynəlxalq imicinin artdığını vurğuladılar.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin birgə səyləri nəticəsində möhkəm bünövrəsi qoyulan Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurla inkişaf etdiyini söylədi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərlərinin real töhfələr verdiyini bildirdi.
Prezident Nursultan Nazarbayev əlaqələrin daha da inkişafı üçün böyük potensial imkanlar olduğunu, Azərbaycan iqtisadiyyatının sürətli inkişafına qazaxıstanlıların da sevindiyini vurğuladı. Vaxtilə ulu öndər Heydər Əliyevin ən mühüm məsələlərdə Qazaxıstanı hərtərəfli dəstəklədiyini xüsusi qeyd etdi. Xəzərin statusu məsələsində hər iki ölkənin mövqeyinin üst-üstə düşdüyünü bildirən Nursultan Nazarbayev dedi ki, Xəzərlə bağlı işbirliyi regional əməkdaşlığa da əlverişli imkanlar yaradır. Neft-qaz sektorunu uğurla inkişaf etdirən Qazaxıstan Azərbaycanın bu sahədə zəngin təcrübəsindən bəhrələnməkdə maraqlıdır.
Dövlət başçıları iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğunu vurğuladılar.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair də ətraflı fikir mübadiləsi aparıldı.