AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 12-də İstanbulun
“Çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin görüşü olmuşdur.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında heç bir problemin olmadığını vurğuladılar.
Prezident Əhməd Necdət Sezər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin qarşıdakı açılışı münasibətilə Prezident İlham Əliyevi təbrik etdi, bu beynəlxalq layihəni əfsanədən gerçəkliyə çevirən ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırlatdı. O bildirdi ki, İstanbulun gözəl bir yerində Heydər Əliyevin heykəlinin və adını daşıyan parkın və küçənin açılması çox sevindirici haldır və onun tarixi xidmətlərinə bir töhfədir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərinə verdikləri yüksək qiymətə görə Türkiyə dövlətinin başçısına təşəkkürünü bildirdi və dedi ki, ulu öndər Heydər Əliyevin siyasəti, eləcə də, uğurlu neft strategiyası bu gün də davam etdirilir. Vaxtilə bəziləri Bakı-Tbilisi-Ceyhan layihəsinə inanmasa da, artıq bu, gerçəklikdir, reallıqdır. İnanıram ki, gələcəkdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Qars-Axalkalaki-Bakı dəmir yolu layihələri də həyata keçiriləcəkdir.