AZƏRBAYCAN PREZİDENTİNİN ƏFV FƏRMANI MİNNƏTDARLIQLA QARŞILANMIŞDIR
Fərman qüvvəyə minəndən dərhal sonra Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində (MQİBİ) operativ toplantı keçirilmiş, əfv edilənlərin cəzaçəkmə müəssisələri üzrə adlı siyahıları hazırlanmışdır. Yanvarın 20-də ayrı-ayrı qruplar yerlərdə Prezident Fərmanının icrasına başlamışlar. Mətbuat nümayəndələrinə də bu prosesi izləmək üçün şərait yaradılmışdır.
16 nömrəli cəzaçəkmə müəssisəsindən (CM) 14 nəfər, 3 nömrəli vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsindən 7 nəfər, 17 nömrəli CM-dən 8 nəfər və s. azadlığa buraxılmışdır.
Bu münasibətlə keçirilən toplantılarda əvvəlcə 20 Yanvar şəhidlərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
MQİBİ-nin rejim-nəzarət şöbəsinin rəisi Azər Seyidov məhbusları Fərmanın məzmunu ilə tanış etmiş, bu mühüm sənədin ictimai-tərbiyəvi əhəmiyyətindən danışmış, əfv edilənlərə ölkəmizin başçısının humanist addımından düzgün nəticə çıxarmağı, göstərilən etimadı doğrultmağı, bundan sonra dövlətin qanunlarına hörmət hissləri ilə yaşamağı tövsiyə etmişdir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova əfv edilənlərə azadlığa çıxmaları barədə sənədləri vermişdir.
Əfv edilənlərdən Qurbanəli İbrahimov, Anar Allahverdiyev, Pərviz Əliyev, Tərlan Məmmədov və başqaları böyük xeyirxahlığa, insanpərvərliyə və humanizmə görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini, ən xoş arzularını bildirmişlər. Fərariliyə görə azadlıqdan məhrum edilmiş bir qrup gənc isə elə ertəsi gün Milli Ordu hissələrinə gedərək, hərbi xidmətlərini ləyaqətlə davam etdirəcəklərinə, Ali baş komandanın və hissə komandirlərinin əmrlərini layiqincə yerinə yetirəcəklərinə söz vermişlər. Bildirilmişdir ki, həyatda səhvlərə yol vermiş insanları bağışlamaq ənənəsinin bünövrəsini qoymuş ümummilli liderimiz Heydər Əliyevin digər nəcib əməlləri kimi, bu xeyirxah ənənəsinin də Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi olduqca sevindiricidir və böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Cəzaçəkmə müəssisələrindəki məhbuslar da yoldaşlarının azadlığa çıxmasını, Prezidentin əfv Fərmanını məmnunluqla qarşılamış, onların sevincinə qoşulmuş, ailə üzvlərinə gözaydınlığı vermiş, belə bir günün özlərinə də nəsib olacağına inandıqlarını bildirmişlər.
Azadlığa çıxan doğmalarını qarşılamaq üçün respublikamızın müxtəlif regionlarından gəlmiş vətəndaşlar da ölkəmizin rəhbərinin humanist qərarını minnətdarlıq, razılıq hissi ilə qarşıladıqlarını vurğulamışlar. Məzahir Cabbarov, Qəzənfər Qasımov, Vidadi Mirzəyev və başqaları əzizlərinin azadlığa buraxılmasından sonsuz sevinc hissləri keçirdiklərini, bu Fərmanın respublikamızda hüquqi, demokratik dövlət quruculuğu prosesinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərəcəyinə inandıqlarını bildirmişlər.
Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən verilən məlumata görə, Azərbaycan Prezidentinin əfv Fərmanı yanvarın 20-də tam mütəşəkkilliklə icra olunmuşdur.