Azərbaycan qadınları ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edirlər
AZƏRTAC xəbər verir ki, görüşdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində təcrübə mübadiləsi aparıldı və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edildi. Qonaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq əməkdaşlıq sahəsində təcrübəsi, qadın hüquqlarının təmin edilməsi ilə bağlı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi.
Komitə sədri Hicran Hüseynova Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində əldə olunan nailiyyətlər haqqında danışaraq bildirdi ki, qadınlar ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət strukturlarında, parlamentdə fəal iştirak edir və böyük uğurlara imza atırlar. Dövlət səviyyəsində də bu məsələyə xüsusi diqqət göstərilir. Azərbaycanla Küveyt arasında iqtisadi və ticarət əlaqələrinin olduğunu vurğulayan H.Hüseynova ailə və qadın sahəsində də əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə əminliyini diqqətə çatdırdı.
Görüşdə qonaqlara, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə də məlumat verildi. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı, vurğulandı.
Küveyt Dövləti İdeal Ailə Cəmiyyətinin sədri xanım Sheikha Al-Ahmad Al-Jaber Al-Sabah ölkəsində qadınların bir çox sahələrdə kişilərlə bərabər çalışdığını, yüksək vəzifələr tutduqlarını dedi. Bildirdi ki, küveytli qadınlar da ölkənin qanunverici orqanlarında fəal iştirak edir, öz tövsiyələrini verirlər.
Görüşdə həmçinin müsəlman qadınlar arasında həmrəyliyin zəruriliyi qeyd edildi.