Azərbaycan-Qırğızıstan əlaqələri bütün sahələrdə inkişaf edir
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin cənub regionlarında işgüzar səfərdə olub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, H. Orucov səfər çərçivəsində Qırğız Respublikası hökumətinin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi Sooronbay Jeenbekov, Oş şəhərinin meri Aytmamat Kadırbayev, hökumətin Calal-Abad vilayətindəki səlahiyyətli nümayəndəsi Jumaqul Eqamberdiyeva, Toktoqul, Bazar-Korqon, Kara-Suy rayonlarının akimləri (icra hakimiyyəti başçıları) və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib.
Səfir, həmçinin Kara-Suy rayonunun istehsalat müəssisələrində olub. Bu rayonda keçirilən görüşlərdə cari il aprelin 26-dan mayın 2-dək Qırğız Respublikası nümayəndə heyətinin istilik üsulu ilə istehsal sahəsində təcrübənin mübadiləsi üçün Azərbaycana səfəri ilə bağlı söhbət açılıb. Səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürlər ifadə olunub.
Səfir azərbaycanlıların sıx yaşadıqları rayonun Nəriman (Nəriman Nərimanovun adını daşıyır) kəndində həmvətənlərimizlə görüşüb. Diplomat qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, diasporla əlaqələr sahəsində də Ulu Öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə yerinə yetirir. Bildirilib ki, ölkəmiz hələ də müharibə şəraitindədir, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal edilib, bir milyondan artıq yurddaşımız isə qaçqın və məcburi köçkün həyatı yaşamağa vadar edilib.
Diplomat xaricdə yaşayan soydaşlarımızın bütün problemlərinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu, dövlətimizin bu sahədə perspektivli siyasət apardığını və yaxşı nəticələr qazandığını vurğulayıb. Vurğulanıb ki, dövlətimizin başçısı Azərbaycanı siyasi və iqtisadi sahələrdə inkişaf etdirib, beynəlxalq arenada ölkəmizə böyük nüfuz qazandırıb və bunun nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Səfir Qırğızıstanda fəaliyyətə başlayandan milli siyasət sahəsində bu ölkədə gedən prosesləri izlədiyini və Qırğızıstan dövlətinin bu sahədə düzgün siyasət apardığının qənaətində olduğunu qeyd edib. O, qırğız xalqına və Qırğızıstan rəhbərliyinə burada yaşayan azərbaycanlılar üçün yaratdıqları şəraitə görə təşəkkürünü bildirib.
Vurğulanıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt prezidentlər İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Görüşün sonunda həmvətənlərimiz tərəfindən hazırlanmış konsert proqramı nümayiş olunub.