AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN NÖVBƏTİ PLENUMU OLMUŞDUR
Ali Məhkəmənin sədri plenumu açaraq bildirmişdir ki, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi davam edir. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, regionlarda yeni apellyasiya və iqtisad məhkəmələrinin yaradılması ölkədə məhkəmə-hüquq islahatlarının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati tədbirlər uğurla həyata keçirilməkdədir. Məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərən hüquqi, dünyəvi və demokratik dövlətin yaranmasına və fəaliyyət göstərməsinə xidmət edir.
Ramiz Rzayev həmçinin Ali Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirmək üçün Ali Məhkəmə Aparatı strukturunun yenidən təşkili ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat vermişdir.
Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin məruzəsi ilə Plenum “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” qərar qəbul etmişdir.
Bu məsələ barədə çıxış edənlər bildirmişlər ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il 4 noyabr tarixli Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra milli məhkəmələrin Avropa Məhkəməsinin təcrübəsinə istinad etməsi zərurəti meydana çıxmışdır. Bu müddəa Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin 2006-cı il 19 yanvar tarixli Fərmanından da irəli gəlir. Həmin Fərmanda Ali Məhkəməyə tövsiyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etməklə onu məhkəmə təcrübəsində nəzərə alsınlar.
Plenumda 2006-cı il 19 yanvar tarixli Prezident Fərmanına uyğun olaraq, “Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatı haqqında Əsasnamə” müzakirə olunaraq qəbul edilmişdir.
İclasda konkret mülki və cinayət işlərinə də baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Prezidentin İcra Aparatının məsul işçisi Çingiz Əsgərov plenumun işində iştirak etmişlər.