AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN NÖVBƏTİ PLENUMU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri R.Rzayev bildirmişdir ki, respublikamız dünya birliyinə inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilmiş, demokratiya və hüquqi dövlət quruculuğu sahəsində uğurlu nəticələr qazanmışdır. Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən hüquqi dövlət prinsiplərini ardıcıl olaraq həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir. Bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların xüsusi əhəmiyyəti vardır. Ali Məhkəmənin sədri hüquqi dövlət quruculuğu sahəsində məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə gənclərin iqtisadi, sosial və mədəni hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra qanunlar qəbul edilmiş, milli qanunvericiliyimiz Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılmışdır. “Yetkinlik yaşına çatmayanlar haqqında” ədalət mühakiməsinin aparılması ilə bağlı BMT-nın Minimal Standart Qaydalar”ına (“Pekin Qaydalar”ına) qoşulan Azərbaycan Respublikasının cinayət və cinayət Prosessual məcəllələrində həmin qaydaların müəyyən etdiyi müddəalar öz əksini tapmışdır.
Məlumat verilmişdir ki, respublika üzrə 2005-ci ildə ümumi məhkum edilənlərdən 2,4 faizi cinayət əməli törədərkən yetkinlik yaşına çatmamış şəxslər olmuşdursa, 2006-cı və 2007-ci illərdə bu rəqəm azalmış, müvafiq olaraq 1,6 və 1,7 faiz təşkil etmişdir. Bu, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən aşağı göstəricidir. Respublikanın məhkəmələri yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət işlərinə baxarkən bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş normalara əsasən əməl edirlər. Bununla yanaşı, ümumiləşdirmə göstərir ki, bəzi məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayanlar barədə cinayət işlərinə baxılarkən cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraiti kifayət qədər araşdırılmır, onlar tərəfindən cinayətin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmir.
Müzakirə olunan məsələ ilə bağlı geniş təhlillər aparılmış və qərar qəbul edilmişdir.
Plenumda Ali Məhkəmənin 2008-ci ilin ikinci yarısına dair iş planı təsdiq edilmişdir.
Konkret cinayət və mülki işlərə də baxılmışdır.
Müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar
qəbul edilmişdir.
Plenumun işində ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralov iştirak etmişlər.
######
