AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ BƏYANATI
14 oktyabr 2003-cü il tarixdə Bakı vaxtilə saat 21.00-dan 22.30-dək İran İslam Respublikasının “Səhər-2” dövlət televiziya kanalı vasitəsilə Azərbaycanda prezident seçkilərinə həsr olunmuş Azərbaycan dilində xüsusi veriliş nümayiş etdirilmişdir. Halbuki qeydə alınmış prezidentliyə namizədlərin seçkiqabağı təşviqat kampaniyası 14.10.2003-cü il tarixdə səhər saat 8.00-da dayandırılmışdır. Buna baxmayaraq, həmin proqram bütövlükdə prezidentliyə namizədlərdən yalnız birinin - İsa Qəmbərin seçki kampaniyasının təşviqatına və ümumiyyətlə, onun qanunsuz geniş təbliğatına həsr olunmuşdur. İran televiziyasının qeyd edilən dövlət kanalına dair Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının dəfələrlə etdiyi etiraza və bu proqramın Azərbaycana yayımlanmasının dayandırılması tələbinə baxmayaraq, bu günə qədər həmin proqram Azərbaycanın İranla həmsərhəd rayonlarına yayımlanır. Belə faktın Azərbaycanda seçkiqabağı təşviqat kampaniyasının dayandırıldığı vaxtda - səsvermənin başlanmasına cəmi bir neçə saat qalmış qeydə alınması bu hərəkətin məqsədyönlü xarakter daşıdığını sübut edir. Bu hərəkətlər bütövlükdə Azərbaycan və İran arasında mövcud olan dövlətlərarası münasibətlərin prinsipləri ilə ziddiyyət təşkil edərək, beynəlxalq hüquq normalarının kobudcasına pozulması, Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq və Azərbaycanın süverenliyinə qarşı hörmətsizlik hesab olunmaqla yanaşı, həmçinin Seçki Məcəlləsinin tələblərinə zidd olduğu üçün Azərbaycan Respublikası Prezidenti seçkilərinə kobud müdaxilə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə görə, xarici dövlətlərə, xarici hüquqi şəxslərə, xarici vətəndaşlara seçkiqabağı təşviqatın aparılması qadağan olunur. Göstərilən fakt sərhədyanı bölgələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ciddi narazılığına səbəb olmuş və kəskin etirazla qarşılanmışdır. Çoxsaylı insanlar bu barədə Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçki kampaniyasına müdaxilə və təzyiq cəhdlərini qətiyyətlə pisləyirlər. Beynəlxalq təşkilatlar və xarici ölkələrdən mindən artıq nümayəndənin müşahidə etdiyi seçki kampaniyasına qonşu dövlət tərəfindən belə açıq müdaxiləyə baxmayaraq, Azərbaycan xalqı demokratiya yolunu özünün yeganə seçimi etmişdir və Azərbaycanda prezident seçkilərini azad, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun səviyyədə keçirmək əzmindədir. Mərkəzi Seçki Komissiyası baş vermiş hadisədən təəssüflənir və bildirir ki, belə hərəkətlər Azərbaycan seçicilərinin iradəsinə təsir edə bilməz.