AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2003-cü il iyunun 10-da Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə telefon ilə zəng etmişdir.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Prezident Heydər Əliyevin səhhətinin yaxşılaşmasından məmnunluğunu bildirmiş, dövlətimizin başçısına xoş arzularını yetirmişdir.
Telefon danışığı zamanı baş nazir Ərdoğan Türkiyənin hazırkı durumu barədə Prezident Heydər Əliyevə məlumat vermiş, Türkiyə iqtisadiyyatının inkişafındakı uğurlardan söhbət açmış, bütün sahələrdə işlərin rəvan getdiyini vurğulamış, qardaş ölkənin Avropa Birliyinə daxil olmaq üçün həyata keçirdiyi zəruri addımlardan bəhs etmişdir.
Baş nazir Ərdoğan ölkələrimiz üçün çox böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı məsələlər üzərində dayanaraq, inşaat işlərinin gedişindən məmnunluğunu vurğulamışdır.
Cənab Ərdoğan Azərbaycanda hazırkı ictimai-siyasi və iqtisadi vəziyyətlə maraqlanmış, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar xoş arzularını ifadə etmişdir.
Söhbət zamanı Prezident Heydər Əliyev Azərbaycana və şəxsən özünə göstərdiyi diqqət və qayğıya görə baş nazir Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürünü bildirmiş, ölkəmizin siyasi və iqtisadi həyatı barədə geniş söhbət açmışdır.
Ənənəvi dostluq və səmimilik şəraitində keçən telefon danışığı zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Foto Oqtay Aydınoğlunundur