AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏDRLİYİ İLƏ MÜŞAVİRƏ
Avqustun 19-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərə dair avqustun 24-də keçiriləcək ümumxalq səsverməsi (refenerdumu) ilə əlaqədar icra hakimiyyəti orqanları qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər məsul şəxslər “Referendum haqqında” Qanuna müvafiq olaraq, icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələr, həyata keçirilən təşkilati, texniki xarakterli tədbirlər haqqında danışmışlar.
Azərbaycan Prezidenti Heydər Əliyev referendumun tam demokratik, şəffaf və sərbəst keçməsi, vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi, müşahidəçilərin fəaliyyəti üçün lazımi şərait yaradılması zəruriliyini vurğulayaraq bir daha qəti tapşırmışdır ki, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri referendumun gedişinə qeyri-qanuni müdaxiləyə yol verməməlidirlər.
Müşavirədə referendumun yüksək səviyyədə keçməsinə hazırlıqla bağlı qarşıya çıxan bir sıra problemlər və çətinliklərdən də ətraflı bəhs edilmiş, onların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
Müşavirədə Prezidentin İcra Aparatının şöbə müdirləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının başçıları və digər rəsmi şəxslər iştirak edirdilər.