Azərbaycan Respublikası Vəkillər Kollegiyası Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq edəcək
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) olub və akademiyanın rektoru Slagjana Taseva ilə görüşüb.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə IACA-nın rektoru Slagjana Taseva qonaqlara akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib, korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini söyləyib.
Sonra akademiyanın əməkdaşları IACA tərəfindən təşkil edilən təlimlər və tədris proqramlar barədə məlumat veriblər.
Görüşdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək vəkillərin peşəkar inkişafına və təhsilinə böyük önəm verildiyini bildirib, həmçinin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər və hüquqi islahatlar çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə effektiv strategiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. O, IACA ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycan vəkillərinin bu akademik platformadan yararlanmasının əhəmiyyətini qeyd edib.
Görüş zamanı ARVK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və son illərdə həyata keçirilən işlər barədə təqdimatla çıxış edib.
Həmçinin nümayəndə heyətinin üzvü Elçin Usub müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın gələcək perspektivləri və vəkillərin təhsil imkanlarının genişləndirilməsi barədə təkliflərini səsləndirib.
Görüş çərçivəsində tərəflər gələcək qarşılıqlı əməkdaşlıq strategiyalarını müzakirə edərək, vəkillərin peşəkar inkişafı və təhsilinin dəstəklənməsi istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər. Bu istiqamətdə IACA-nın magistr proqramları, qısa və uzunmüddətli təlim kursları, yay məktəbləri və digər akademik proqramlar üzrə Azərbaycan vəkilləri üçün güzəştlərin tətbiq edilməsi məsələsi də razılaşdırılıb.
Eyni zamanda IACA və ARRV arasında yeni təlim və ixtisasartırma proqramlarının təşkili planlaşdırılır.
Görüş zamanı təşkilatlar arasında əməkdaşlığın davamlı və institusional əsasda inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı suallar və təkliflərin müzakirəsi ilə davam edib.