AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV İLƏ GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN GÖRÜŞÜ
Gürcüstanın Prezidenti respublikamızın Baş nazirini özünün iqamətgahı önündə hərarətlə və səmimiyyətlə qarşıladı.
Mehribanlıq şəraitində keçən görüşdə cənab Eduard Şevardnadze dövlətimizin başçısı Heydər Əliyevin səhhəti ilə maraqlandı və onun tezliklə müalicəsini başa çatdırıb Vətənə qayıtmasını arzuladı.
Gürcüstan Prezidentinə təşəkkürünü bildirən Baş nazir İlham Əliyev respublikamızın rəhbərinin salamlarını və xoş diləklərini ona yetirdi.
Görüşdən sonra mətbuat üçün qısa bəyanatla çıxış edən Baş nazir İlham Əliyev və Prezident Eduard Şevardnadze dost ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnun olduqlarını vurğuladılar. Prezident Şevardnadze Azərbaycanın Baş nazirini Gürcüstana səfərə dəvət etdiyini bildirdi.
Baş nazir İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın müsbət təcrübəsinin davam etdirilməsinin zəruriliyini vurğuladı. O dedi ki, müasir Azərbaycan və Gürcüstan dünyamiqyaslı iki böyük siyasətçinin - Heydər Əliyevin və Eduard Şevardnadzenin şah əsərləridir. Tarix onların fəaliyyətini qiymətləndirib və gələcəkdə də qiymətləndirəcəkdir.
X X X
Sentyabrın 18-də Yaltada, Ukrayna dövləti başçısının “Zarya” iqamətgahında Ukrayna Prezidenti Leonid Kuçmanın adından MDB ölkələri dövlət başçılarının şərəfinə qeyri-rəsmi qəbul təşkil olundu. Azərbaycanın Baş naziri İlham Əliyev qəbulda iştirak edirdi.