AZƏRTAC-ın Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən aldığı məlumata görə, Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilmişdir ki, Əzizbəyov rayonunun sabiq hərbi komissarı, ehtiyatda olan polkovnik-leytenant Məmmədov Elçin Əfsər oğlu, “N” saylı hərbi hissənin xüsusi rabitə və məxfi rejim bölməsinin rəisi, mayor Rzayev Etibar Heybət oğlu, həmin hərbi hissənin təşkilat-komplektləşdirmə bölməsi rəisinin köməkçisi, baş gizir Kərimov Soltan İltifat oğlu, Şamaxı Rayon Hərbi Komissarlığının sabiq əməkdaşı, ehtiyatda olan mayor Məmmədov Aslan Qasım oğlu, “N” saylı hərbi hissənin sabiq giziri Mamedov Firudin Uca oğlu, sabiq hərbi qulluqçu, ehtiyatda olan mayor Tazartukov Anzor Vladimiroviç, habelə vətəndaşlar Quliyev Habil İnşallah oğlu, Həsənov Mehman Arif oğlu və digərlərindən ibarət cinayətkar qrup 2002-2005-ci illər ərzində müddətli həqiqi hərbi xidmətə çağırışlar zamanı Azərbaycan Respublikasının müxtəlif rayon (şəhər) hərbi komissarlıqlarından hərbi xidmətə çağırılmış şəxslərdən və ya onların valideynlərindən şəxsən, yaxud vasitəçilərin köməyi ilə müxtəlif məbləğlərdə rüşvət alaraq, çağırışçıların respublika toplanış məntəqəsindən “N” saylı hərbi hissəyə xidmətə təyin olunmalarını və onların qanunla müəyyən edilmiş hərbi xidmətkeçmə müddəti başa çatdıqda, vəzifə saxtakarlığı edərək hərbi biletlərində və göndəriş vərəqələrində guya hərbi hissələrdə xidmətdə olmaları və ordu sıralarından ehtiyata tərxis olunmaları barədə saxta məlumatlar daxil edib, çağırışçılara qaytarmaqla, onların həmin saxta sənədlərdən istifadə etmələrinə nail olmuşlar.
İstinaq zamanı həmin cinayətkar qrupun 2002-2005-ci illər ərzində qeyd olunan üsulla təxminən 65 çağırışçını hərbi xidmət keçməkdən yayındıraraq, onlardan müxtəlif vaxtlarda cəmi 91 min 700 ABŞ dolları məbləğində rüşvət almaları tam sübuta yetirilmişdir.
2005-ci il oktyabrın 3-də E.Ə.Məmmədov, F.U.Mamedov, E.H.Rzayev və cinayətkar qrupun digər üzvlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa, təkrarən rüşvət almağa, vəzifə saxtakarlığı, rəsmi sənədləri saxtalaşdırmağa, bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadəyə görə məsuliyyət nəzərdə tutan 311.3.1; 311.3.2; 313; 320.1; 341.2.1 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə göndərilmişdir.